Baltik dənizində kəskin buzlanma: Gəmilər mühasirədə qalıb
Baltik dənizi 2010-2011-ci il mövsümündən bəri ən ağır qışı yaşayır. Bölgədə buz qatının sahəsi 181 min kvadratkilometrə çataraq son 30 ilin ortalamasını üstələyib.
“Seanews.az” xəbər verir ki, bu kəskin iqlim şəraiti gəmilərin hərəkətini iflic edib, xüsusilə LNG (mayeləşdirilmiş təbii qaz) daşımalarında ciddi gecikmələrə səbəb olub. Finlandiya və Rusiya limanlarına gedən bir çox yük gəmisi buz qatları arasında hərəkətsiz qalıb.
Finlandiya özünün bütün 10 buzqıran gəmisini tam gücü ilə işə salıb. Rusiya isə Fin körfəzindəki neft tankerlərini müşayiət etmək üçün "Sibir" nüvə buzqıranı da daxil olmaqla 7 gəmidən ibarət donanma cəlb edib.
Fin körfəzinin tamamilə donması səbəbindən buzdan qorunma sistemi olmayan gəmilərin hərəkətinə qadağa qoyulub. Bir çox limanlarda, o cümlədən Sankt-Peterburq və Ust-Luqada buzqıran müşayiəti məcburi hala gətirilib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, küləyin güclənməsi buz kütlələrini hərəkətə gətirərək dəniz nəqliyyatı üçün daha böyük risklər yarada bilər.
Hazırda buzun qalınlığı bəzi yerlərdə 40 santimetrə çatır. Vəziyyətin qarşıdakı günlərdə pik həddə çatacağı, martın sonundan etibarən isə tədricən normallaşacağı gözlənilir.

