Professor: Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri Volqadan axan suyun həcminin azalmasıdır
Xəzər dənizində suyun səviyyəsinin azalmasının əsas səbəblərindən biri də Volqa çayından dənizə tökülən suyun az olmasıdır.
Bunu "Report"a açıqlamasında H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev deyib.
Ə.Əliyev son günlər mətbuatda Xəzərin əsas su mənbəsi olan Volqa çayının üzərində bəndlərin tikilməsinin dənizdə suyun səviyyəsinin azalmasına səbəb olduğu ilə bağlı xəbərlərə münasibət bildirib.
"Düşünürəm ki, bu çox da təsir etmir. Xəzərin səviyyəsi artıb azalan zamanlarda da tikililər orada olub".
O bildirib ki, son müşahidələrə görə, hazırda Xəzərdə suyun enmə dövrü yaşanır, son 20-25 ildə təxminən 30%-ə qədər suyun səviyyəsi azalıb.
Onun sözlərinə görə, 1837-ci ildən Xəzər dənizində müşahidələr aparılır. O qeyd edib ki, 1930-cı ilə qədər Xəzərdə suyun səviyyəsi az stabil olub. 1930-1978-ci ilə qədər isə 3,2 metr azalma müşahidə edilib, bundan sonra isə 1995-cı ilə qədər Xəzərdə suyun səviyyəsi 2,5 metrə qalxıb.
"1996-dan bu günədək Xəzərin səviyyəsi 2,3 metr aşağıdır və bu, davam edir. Əsas səbəb isə Xəzərdə su balansının dəyişməsidir. Xəzər dənizi qapalı su hövzəsidir, əsasını Xəzərə tökülən çaylar təşkil edir. Lakin qlobal iqlim dəyişmələri səbəbindən Xəzərdə temperatur artıb və buxarlanma prosesi sürətlənib. Həmçinin dənizin hövzəsinə tökülən çaylarda suyun səviyyəsinin azalması buna təsir edir. Son 20-25 ildə təxminən 30%-ə qədər suyun səviyyəsi azalıb".
Coğrafiya İnstitutunun rəsmisi vurğulayıb ki, Xəzərin səviyyəsinin dəyişməsində müəyyən periodiklik var. Təxminən dənizdə suyun səviyyəsi 100-150 il enir, sonra artım dövrü başlayır:
"1805-1810-cu ildə Xəzərdə suyun ən böyük səviyyəsi qeydə alınıb. 2040-2050-ci ilədək də dənizin səviyyəsinin 1-1,5 metr azalmasını görəcəyik. Son 4 min ildə bu periodik dövr 8 dəfə təkrarlanıb".
Professor əlavə edib ki, Xəzərdə suyun səviyyəsi artan dövrdə-995-ci ildə Azərbaycanda təxminən 50 min hektar ərazi su altında qalıb. 1 sm qalxanda isə 100 hektar ərazi su altında qala bilir. İndi isə əks proses gedir. Təxminən 40 min hektar ərazi su altından çıxıb. Bu proses əsasən cənub zonasında, Abşeron rayonunda baş verir.
"Son 3 ildə aparılan monitorinqlər göstərir ki, Xəzərin enmə səviyyəsinin sürəti azalıb. İldə 25-30 sm azalma müşahidə edilirdisə, indi 15-17 sm-dir. Xəzər əvvəkli səviyyyəsinə yenə qayıdacaq. Sadəcə Xəzərin qayda-qanununa əməl etməklə adaptasiya tədbirləri görmək lazımdır".