Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-28,
Seanews
Heyder Eliyev

Husilər İsrail limanları ilə əməkdaşlıq edən şirkətlərin gəmilərini hədəfə alacaqlarını bəyan ediblər

“SeaNews.az” xəbər verir ki, Yəməndəki husilər İsrail limanları ilə əməkdaşlıq edən istənilən şirkətə məxsus gəmiləri – mənsub olduqları ölkədən və təyinat məntəqəsindən asılı olmayaraq – hədəfə alacaqlarını açıqlayıblar.

Bu barədə hərəkatın hərbi sözçüsü 27 iyul tarixində televiziyadan yayımlanan bəyanatında məlumat verib. Husilər bu addımı İsrailə qarşı elan etdikləri hərbi əməliyyatların dördüncü mərhələsi çərçivəsində atacaqlarını bildiriblər. Bəyanatda qeyd olunub ki, xəbərdarlıqlara məhəl qoymayan şirkətlərin gəmiləri hücuma məruz qalacaq.

“Yəmən Silahlı Qüvvələri bütün dövlətləri bu eskalasiyanın qarşısını almaq üçün İsrailə təzyiq göstərməyə çağırır. Əgər İsrail Qəzza zolağında təcavüzünü dayandırmasa və blokadanı aradan qaldırmasa, hücumlar davam edəcək,” – deyə sözçü bəyan edib. Xatırladaq ki, 2023-cü ilin oktyabrında İsrailin Qəzzada hərbi əməliyyatlara başlamasından sonra, İranın dəstəklədiyi husilər bölgədə gəmilərə qarşı silsilə hücumlar həyata keçirirlər. Onlar bu hücumları fələstinlilərə dəstək aktı kimi təqdim edirlər.

2025-ci ilin may ayında ABŞ və husilər arasında razılaşma əldə olunduğu açıqlanmışdı. ABŞ hücumları dayandırmaq müqabilində husilərin dəniz nəqliyyatına qarşı hücumlarına son qoyacağını bildirmişdi. Lakin husilər bəyan etmişdilər ki, razılaşma İsrailə qarşı olan fəaliyyətləri əhatə etmir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır