



HMS “Vanguard” gəmisinin zəngi bir əsrdən sonra suyun dibindən qaldırılıb
Birinci Dünya Müharibəsi zamanı faciəvi şəkildə batmış Britaniya döyüş gəmisi HMS “Vanguard”a aid zəng, gəmi nişanı və top lüləsinin qapağı Orkney sahillərindəki Scapa Flow bölgəsindəki gəmi qalıqları arasından su üzərinə çıxarılıb.
Seanews.az xəbər verir ki, 1917-ci ilin iyulunda baş vermiş partlayış nəticəsində gəmidəki 845 nəfərdən yalnız ikisi sağ qalmışdı. Bərpa olunan artefaktlar 843 nəfərin xatirəsinə Orkneydə yaradılacaq memorial sərginin əsas hissəsini təşkil edəcək.
Əməliyyat Kral Donanmasının xüsusi icazəsi ilə MV “Huskyan” gəmisindən olan sualtı tədqiqat qrupu tərəfindən aparılıb. Zəngin çıxarılması çətin olsa da, bütün əşyalar bir gün ərzində suyun dibindən qaldırılıb və konservasiya üçün xüsusi duzlu suda saxlanılıb.
Bərpa və mühafizə işlərinin dəyəri 16 min ABŞ dolları təşkil edir. Əşyaların 2027-ci ilə qədər "Scapa Flow" muzeyində sərgilənməsi planlaşdırılır.
Orkney Şurasının tarixçisi Nik Hyuitt bildirib ki, bu tapıntılar gəminin faciəvi sonunu əks etdirir və gələcəkdə HMS “Vanguard” xatirəsinin yaşadılması üçün əsas məkan olacaq.