“Freeport LNG” gələn ayın ortalarında LNG istehsalını bərpa edəcək
“Freeport LNG Development” şirkəti 2022-ci ilin yayında baş verən yanğından sonra ABŞ-dakı LNG zavodunun yenidən qurulması işlərini demək olar ki, başa çatdırıb.
“Seanews.az”ın məlumatına görə, noyabrın 14-nə hər üç mayeləşdirmə xəttinin, iki LNG saxlama çəninin və bir yanalma körpüsünün istifadəsi də daxil olmaqla, əməliyyatların başlanması üçün tələb olunan yanğından sonrakı yenidənqurma işlərinin təxminən 90%-i tamamlanıb. Bütün işlər noyabrın sonuna qədər başa çatdırılmalıdır.
Şirkət dekabrın ortalarında zavodda LNG istehsalını bərpa edəcək. Bu zaman üç mayeləşdirmə xəttinin hər biri ayrıca işə salınacaq. 2023-cü ilin yanvarında gündə təqribən 56,6 milyon kubmetr hasilat əldə ediləcəyi gözlənilir. Hər iki körpüdən istifadə etməklə tam istehsal 2023-cü ilin martında başlayacaq.
Xatırladaq ki, zavodda 2022-ci il iyunun 8-də boru kəmərində LNG sızması və onun alışması nəticəsində yanğın baş vermişdi.
Qeyd edək ki, “Freeport LNG” baş ofisi Hyustonda (Texas ştatı) yerləşən LNG ixracat şirkətidir. ABŞ-da böyüklükdə ikinci olan bu üç xəttli LNG zavodu ildə 15 milyon ton istehsal gücünə malikdir.