Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Vətən müharibəsi iştirakçısı ADDA tələbəsi oldu

Bu il qəbul imtahanlarını uğurla verib Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi adına layiq görülənlər arasında ilk baxışdan yaşıdlarından fərqlənməyən bir gənc də var. Ömrünün 21-ci ilini yaşayan İvan Levşa tələbə adını qazanmamışdan əvvəl daha çətin bir sınaqdan şərəflə çıxmışdı.

Milliyyətcə rus olsa da, Pirallahı qəsəbəsində dünyaya göz açan bu gənc özünü həmişə doğulduğu yurdun övladı hiss edib.

-Azərbaycan mənim vətənimdir,-  deyir İvan Levşa - Heç vaxt özümə, ailəmə qarşı yad münasibət görmədim. Azərbaycanı kimsədən az istəmirəm. Mənə elə gəlir ki, mən elə burada doğulub boya-başa çatmalı idim. Başqa cür ola da bilməzdi.

2019-cu ildə Pirallahı qəsəbəsindəki 235 saylı məktəbi bitirib. Sonra Vətən qarşısında  övladlıq borcunu yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yollanıb. Orduda sürücü peşəsinə yiyələnib. Vətən müharibəsi başlayanda hərbi xidmətdə olub. İlk gündən ön cəbhəyə can atıb.

O günləri xatırlayan İvan deyir:

-Döyüşlərdə igidlərimizlə çiyin-çiyinə vermək, torpaqlarımızın erməni işğalçılarından təmizlənməsində yaxından iştirak etmək istəyirdim. Hiss edirdim ki, bu tarixi andır. Və nəhayət arzuma çatdım. Döyüşlərin getdiyi əraziyə göndərildim.

Əsgər-sürücü kimi Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən  döyüşlərdə iştirak edib. Nə minalı yollar, nə artilleriya ilə uzaqdan vurulmaq  ehtimalı, nə iliyə işləyən soyuq dağ havası, nə yuxusuz gecələr çiyninə düşən vəzifəni layiqincə yerinə yetirməkdən saxlaya bilib. Cəbhəni dərman, digər ləvazimatlarla vaxtında təmin edib. Göstərdiyi şücaət dövlət başçımız tərəfindən də yüksək qiymətləndirilib. Sinəsini “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları bəzəyir.

Bu gün də fəxr edir ki, böyük Qələbənin qazanılmasında onun da xidməti var.

Uşaqlıqdan dənizçi olmaq, ləngərli gəmilərdə səfərlərə çıxmaq arzusu ilə yaşayıb. Bu arzusunu gerçəkləşdirmək üçün Zəfərdən sonra kitaba sarılıb. Və bu ildən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi sürücülüyü” ixtisasına yiyələnənlər arasında İvan Levşa da olacaq.

Biz də bu igidi ürəkdən təbrik edir, təhsildə ona uğurlar arzulayırıq.

Musa Əliyev - İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır