Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

Beynəlxalq Logistika və Nəqliyyat Universitetinin magistri Məhəmməd Babayev: “Uğurun açarı zəhmətdir”

Müsahibimiz Polşanın Vroçlav şəhərində yerləşən Beynəlxalq Logistika və Nəqliyyat Universitetində magistr təhsili alan Məhəmməd Babayevdir.

 

-Məhəmməd, öncə Azərbaycanda aldığınız təhsil haqqında məlumat verərdiniz.

-Pis oxumamışam. 2017-ci ildə Fizika, riyaziyyat və informatika təmayüllü liseyi də, 2021-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi sürücülüyü" fakültəsini də fərqlənmə ilə bitirmişəm.

-Belə isə, “Dəniz naviqasiyası mühəndisliyi” üzrə ADDA-nı fərqlənmə ilə bitirən bir gənci Beynəlxalq Logistika və Nəqliyyat Universitetinin “Sənaye sistem mühəndisliyi” ixtisası üzrə magistr təhsili almağa nə vadar etdi?

-Bakalavr pilləsində oxuyarkən ASCO-nun gəmilərində keçdiyim təcrübə zamanı dəniz naviqasiyası və logistikanın vəhdəti diqqətimi cəlb etdi. Araşdırma apardım və bu sahədə ixtisaslaşmış universitetlər arasında üstünlüyü Polşanın Beynəlxalq Logistika və Nəqliyyat Universitetinə verdim. Hazırlaşdım, qəbul üçün lazımı prosedurları müvəffəqiyyətlə keçdikdən sonra universitetə qəbul olundum.

-Bu ölkənin təhsil sistemi haqqında nə deyə bilərsiniz?

-Polşa təhsil sistemi mütərəqqi qərb təhsil sisteminin ayrılmaz tərkib hissəsidir. Dərslərimiz innovativ formatda keçirilir. Tələbə və müəllimlər arasında münasibət çox səmimidir. Əcnəbi tələbələrə münasibətdə də ayrı-seçkiliyə yol verilmir.

-Ümid edirəm ki, tanış olduğunuz polşalıların hamısı Azərbaycan haqqında ilk dəfə sizdən eşitmirlər

-Yaşadığım Vroslav şəhərində insanların çoxu ölkəmiz haqqında  məlumatlıdır. Amma, onlara Bakı şəhərində ən məşhur binaların Polşa memarları Qoslavski və Ploşko tərəfindən layihələndirildiyini söyləyəndə, dərhal internet resurslarında həmin memarlıq incilərini axtarırlar. Bundan əlavə, digər xarici ölkələrdən olan tələbələrlə söhbət zamanı onlara Odlar yurdunun tarixi, təbiəti, mədəniyyəti haqqında ətraflı danışıram, videoçarxlar nümayiş etdirirəm. Bizə qonaq gələn tələbə yoldaşlarım otağımıza daxil olanda isə gözlərini ilk növbədə müqəddəs üçrəngli bayrağımız oxşayır.

-Yeni həyat tərzinə uyğunlaşmaq yəqin ki, asan olmayıb. Üstəlik, xarici dildə təhsil almağın çətinliyi...

-Nə sirdirsə, yeni həyat tərzinə tez uyğunlaşdım. Xarici dili pis bilmədiyimdən təhsil prosesi zamanı da ciddi çətinliklə üzləşmirəm.

-Asudə vaxtınızı necə keçirirsiniz?

-Bu gözəl ölkədə çalışıram asudə vaxtlarımdan səmərəli istifadə edim. Polşanın (Reç Pospolita) tarixi ilə maraqlanıram, görməli yerləri, tarixi və mədəniyyət abidələrini ziyarət edirəm, səhərlər velosipedlə yaşadığım yataqxananın yaxınlığından keçən çayın ətrafında gəzintiyə çıxıram, otaq yoldaşımla həftənin müəyyən günlərində idman zalına tələsirik.

-Sirr deyilsə, təhsil xərclərinizi necə ödəyirsiniz?

-Təhsil xərclərimi ASCO qarşılayır. Yeri gəlmişkən, müraciətimə müsbət cavab verdikləri və göstərdikləri dəstəyə görə ASCO rəhbərliyinə və ailəsinə təşəkkürümü bildirirəm.

-Xaricdə təhsil almaq istəyənlərə məsləhətiniz?

-Xaricdə təhsilin üstünlüyü çoxdur. Yeni texnologiyaların tətbiqi, mövzunun daha çox təcrübi yolla çatdırılması ixtisasın daha yaxşı mənimsənilməsinə imkan verir. Dünyamız qloballaşır, dövlətlər arasında beynəlxalq əlaqələr genişlənir. Müasir inkişafdan geri qalmamaq üçün yaxşı təhsil almaq lazımdır. İstərdim ki, azərbaycanlılar dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alsınlar. Mütaliə çox etsinlər. Unutmasınlar ki, uğurun açarı zəhmətdir.

-Sizə uğurlar arzulayır və suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik.

-Mən də diqqətinizə görə sizə minnətdaram.

 

Hazırladı: İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi Roza Bədəlova


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır