Okeanda 24 günlük mübarizə bitdi: Nəhəng gəmi mərcan riflərini məhv edə bilərdi
Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi (AMSA), Korall dənizində mühərriki sıradan çıxan "Swift Hangzhou" gəmisi ilə bağlı 24 günlük xilasetmə əməliyyatını uğurla başa vurub. Bununla da Liberiya bayrağı altında üzən gəminin dünya mirası olan Böyük Sədd Rifinə çırpılmaq riski aradan qaldırılıb.
“Seanews.az” xəbər verir ki, fevralın 1-də AMSA Liberiya bayrağı altında üzən "Swift Hangzhou" gəmisində mühərrik nasazlığı barədə məlumat alıb. Hadisənin mürəkkəbliyi səbəbindən AMSA dərhal koordinasiyalı tədbirlərə başlayıb. Üç həftədən çox davam edən əməliyyata çoxsaylı yedək gəmiləri və dəniz qəzaları üzrə ekspertlər cəlb olunub.
Fevralın 24-də gəmi təhlükəsiz şəkildə Kvinslendin Qladston limanına gətirilib. Hazırda AMSA gəminin dənizə yararsız olduğunu əsas gətirərək onu rəsmən həbs edib (saxlayıb). Hadisə boyu heyətin təhlükəsizliyi və rifahı tam təmin olunub.


