Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dünya Dənizçilik Universitetinin magistri Əli Əliyev: “Özünüzə inanın və inam sizi uğura çatdıracaq”

Müsahibimiz İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetinin magistri Əli Əliyevdir. Özünə inamı dünyanın bu qabaqcıl təhsil müəssisəsinə gedən yolda ən böyük arxası, ən etibarlı bələdçisi olan Əli Əliyevdir.

-Əli, öncə Azərbaycanda aldığınız təhsil haqqında məlumat verərdiniz.

-Azərbaycan Dövlət Dəniz Akademiyasını “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə bitirmişəm. Əmək fəaliyyətinə ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəmi gövdə təmirçisi kimi başlamışam. Sonra Gəmi Tikintisi Bölməsində gəmi tikintisi üzrə mühəndis köməkçisi kimi çiynimə düşən vəzifənin öhdəsindən gəlməyə çalışmışam.

-Necə oldu ki, ADDA-nın “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” üzrə məzunu Dünya Dənizçilik Universitetinin (World Maritime University) “Dəniz təhlükəsizliyi və ətraf mühitin idarə olunması” ixtisası üzrə magistr təhsili almaq gərarına gəldi?

- Zavodda işləyəndə ən böyük arzum Beynəlxalq Dəniz Təşkilatının Dünya Dənizçilik Universitetində magistr təhsili almaq idi. Amma təəssüf ki, bu qabaqcıl universitetdə təklif olunan ixtisaslar arasında  sırf öz oxuduğum “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”ni tapa bilmədim. Bir qədər düşündükdən sonra “Dəniz təhlükəsizliyi və ətraf mühitin idarə olunması” ixtisasına üstünlük verdim.  Mənə elə gəlir ki, seçimimdə yanılmamışam. Çünki maraqlı olduğu qədər də aktual olan bu ixtisas bütün dənizçilik sahəsində - quruda və suda işçilərin və gəmilərin idarə olunması ilə bağlı təhlükəsizlik məsələlərini özündə birləşdirir.

 

 

-İsveç təhsil sistemi barədə nə deyə bilərsiniz?

- Kifayət qədər elmi işin olması, istənilən informasiyanın rahatlıqla əldə edilməsi, seçilən mövzunun fərdi və ya qrup şəklində işlənilib təqdim olunması bu təhsil sisteminin üstünlüklərindəndir. Sistemin çətin tərəfi isə verilən materialların çoxluğudur. Belə ki, eyni zamanda həm gündəlik dərsləri oxuyub dərindən mənimsəməyə, həm də verilən tapşırıqları yerinə yetirməyə vaxt çatdırmaq olmur. Xüsusilə ilk semestrdə hər iki həftədən bir imtahanlar (“Open-book2 tipli) təşkil olunurdu və imtahanda yaxşı nəticə göstərmək üçün 200 səhifəyə yaxın material öyrənmək lazım gəlirdi ki, bu da asan deyil.

-Yaşadığınız şəhərdə və oxuduğunuz universitetdə insanlar Odlar yurdu haqqında nə qədər məlumatlıdırlar?

- İsveçin Malmö şəhərində bu müddət ərzində tanıdığım yerli sakinlərdən bir çoxunun ölkəmiz haqqında xoş sözləri məni hədsiz sevindirir. Dünya Dənizçilik Universitetində isə hazırda 53 ölkədən gənclər təhsil alırlar. Bir çox tələbələr mənim Azərbaycandan olduğumu biləndə, ölkəmiz haqqında müxtəlif suallar verirlər və mən də böyük həvəslə və ətraflı cavablandırıram. Bəziləri bundan sonra hətta turist kimi ölkəmizə gəlmək istəyir.  Yeri gəlmişkən, tələbə yoldaşlarımı Vətən müharibəsində parlaq Zəfərimizlə bağlı məlumatlandırmışam və 8 noyabrda göndərdikləri təbrik mesajları mənim üçün qürurverici idi.

 

 

-Fərqli həyat tərzinə uyğunlaşmaq çətin olmadı ki?

-Düzü, ilk günlər asan olmadı. Yorulurdum və çox şey mənə əlavə vaxt itkisi kimi görünürdü. Sonra tədricən hər şey qaydaya düşdü.

-Asudə vaxtınızı necə keçirirsiniz?

-Boş vaxtlarımızda “Skane” deyilən və 26 şəhərdən ibarət olan bölgənin şəhərlərini gəzir, Malmöda yerli dostlarım, tələbə yoldaşlarım və digər universitetlərdə oxuyan azərbaycanlı tələbələrlə üzv olduğumuz “golf”, “bowling” klublarında vaxt keçiririk. Eyni zamanda, “Kockum Fritid” idman mərkəzində xokkey, buz üstə konki, üzgüçülüklə məşğul olmağın da öz ləzzəti var. Yay aylarında Baltik dənizində yelkənli və motorlu qayıq turlarına da qoşuluruq.

 

 

-Təhsil xərclərinizi necə qarşılayırsınız?

- Mən Beynəlxalq Dəniz Təşkilatının təqaüdünü qazanmışam. Və bu təqaüd universitetin öz sisteminə uyğun olaraq hər ay müəyyən olunmuş qaydada bizim hesabımıza köçürür və aylıq ehtiyaclara ödənilir.

Sonda xaricdə təhsil almaq istəyənlərə nə məsləhət görərdiniz?

-Tələbələrimizə, gənclərimizə, dostlarıma  demək istəyirəm ki, xaricdə təhsilin həqiqətən də xeyli üstünlüyü var.  Siz təkcə yüksək təhsil almayacaq və müxtəlif ölkələrdən dostlar qazanmayacaqsınız. Fərqli yaşam tərzi və fərqli mühit gələcəkdə sizə lazım olacaq, çətin anlarda əlinizdən tutacaq çox şey öyrədəcək. Xaricdə təhsil almaq fikriniz varsa, özünüzə inanın və inamla da məqsədinizə doğru gedin. İnam sizi uğura çatdıracaq.

 

 

 Roza Bədəlova


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır