Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“Hər zaman peşəmlə qürur duymuşam”

Sadıq Seyidli 1958-ci ilin martında Naxçıvanda anadan olub. Azərbaycan Texniki Universitetində mühəndis mexanik ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1976-cı ildə “Dimitrov” adına kolxozda fəhlə kimi başlayıb. Hərbi xidmətdən sonra isə gəmi təmiri sahəsinə üz tutub. 1978-ci ildə “Xəzərneftqazdonanma” idarəsində gəmi təmiri çilingəri qəbul olunan Sadıq Seyidli hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda Texniki nəzarət şöbəsinə rəhbərlik edir.

O, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

 

Sadıq müəllimin xidməti otağının qapısını döydük.  Elə ziyarətə getmişkən də ordan-burdan söhbət etdik. Qocaman gəmi təmirçisi təcrübəsi, həyata baxışı, arzu və istəklərini bizimlə bölüşdü.  

 -Sadıq müəllim, 60 yaşınız var və ömrünüzün 40 ilini gəmi təmirinə həsr etmisiniz. Kənardan baxanda bir qədər inanılmaz gəlir. Bir insan uzun müddət eyni yerdə işləməyi necə bacara bilər?

-Əgər insan öz işindən, iş yerindən razıdırsa, niyə də olmasın? Mən də karyeramı gəmiçilik sahəsində qurmağıma görə heç vaxt peşman olmamışam, əksinə hər zaman peşəmlə qürur duymuşam.

-Yəqin ki, gəmi təmirçisi olmaq qərarını birdən-birə verməmisiniz? Necə oldu ki, bu sahəyə meyl etdiniz?

-Hələ kiçik yaşlarımdan texnikaya marağım olub. Maşın, təyyarə, gəmi… Hər biri ilə maraqlanırdım. O vaxt indiki kimi hazır oyuncaqlar olmadığına görə, kağızdan gəmi düzəldirdim. Yadımdadır, bir az böyüdükdən sonra kağız gəmiləri taxta gəmilər əvəzlədi…

-Maraqlıdır, valideynləriniz sizi bu sahədə görürdülərmi?

-Mən ziyalı ailəsində doğulmuşam. Atam hərbçi olub. Ordu sıralarından tərxis olunduqdan sonra məktəbdə idman və hərbi müəllimi işləyib, anam isə ibtidai sinif müəlliməsi idi. Anam tarix və ya coğrafiya müəllimi olmağımı istəyirdi. Atam isə əksinə, məni dəstəkləyirdi. Sonda, anamı razı sala bildik.

Sadıq müəllim, fəhləlikdən şöbə rəisinədək yüksəlmisiniz. Hər kəs uğur qazanmaq, karyerasında irəliləmək istəyir. Bunun üçün xüsusi bir formul var?

-Bu məsələdə hərənin bir yanaşması ola bilər. Mən düşünürəm ki, məqsədə çatmaq üçün bilik, bacarıq və işə maraq ən vacib şərtlərdəndir. Yeni texnologiyaları öyrənmək və onu tətbiq etmək də müasir dövrdə uğur qazanmaq üçün önəmlidir.

 

-Gəmi təmiri ilə bağlı düşüncələrinizi bilmək maraqlıdır? Bu iş digər peşələrdən hansı özəllikləri ilə fərqlənir?

-Gəmi təmiri çətin və mürəkkəb işdir. Heyətin yaşayış otaqlarından (kayut) tutmuş ən müasir texnologiyalara qədər bütün detalların vaxtında və keyfiyyətli təmirinə cavabdehik. Olduqca məsuliyyətlidir.  Bunun üçün hərtərəfli məlumatlı olmalısan. Texniki nəzarət şöbəsi olaraq biz bütün təmir prosesini izləyirik. Sökülən və yığılan detalları yoxlayır və təhvil veririk. Gəminin təmiri başa çatandan sonra əvvəlcə sahil, sonra isə dəniz yoxlanışı keçirilir. Gördüyünüz kimi, digər nəqliyyat vasitələrinin təmiri kimi asan deyil.

-Gəmi təmiri zamanı təhlükəsizlik qaydalarından danışaq.

-Elə rəhbərliyin bizdən birinci tələbi də budur. İstər təhlükəsizlik, istərsə də ekologiyanın qorunması nəzərə alınmalıdır. İşlərimizdə bu keyfiyyəti əldə etmək üçün müasir texnologiyalardan istifadə edirik. Zavodda gövdə və qaynaq işlərinin keyfiyyətini yoxlamaq üçün ultrasəs aparatı mövcuddur. Mühərriklərdə sınaq zamanı istilik dövrlərinin sayını müəyyənləşdirmək üçün müasir aparat və cihazlarla təmin olunmuşuq. Bu avadanlıqlar təhlükəsiz iş şəraitinin yaradılması və işin vaxtında təhvil verilməsi üçün biz təmirçilərə böyük kömək olur.

-Necə düşünürsünüz, gənc təmirçilərimizə güvənmək olar?

-Bizim çox bacarıqlı gənclərimiz yetişir. İndi sexlərə, bölmələrə getsəniz, kifayət qədər gənc kadrlarla rastlaşa bilərsiniz. Onların arasında bölmə və sex rəisləri də az deyil. Eləcə də bizim şöbədə yüksək vəzifəyə layiq kadrlar yetişib. Onlar hər dəqiqə məni əvəz edə bilərlər. Özləri sərbəst şəkildə texniki sənədlər, beynəlxalq qanunlarla işləyə bilirlər.

-Yeri gəlmişkən, gənc nəslə nələri tövsiyə edərdiniz?

-Həmişə yeniliklərə açıq olsunlar. Bir istiqamət üzrə deyil, bir neçə istiqamət üzrə özlərini inkişaf etdirsinlər. Texniki ədəbiyyatlarla maraqlansınlar. Və ən əsası, işlərini sevsinlər.  

 

-Sadıq müəllim, dənizçilərə göstərilən diqqət və qayğıdan razısınızmı?

-Ümumiyyətlə, son dövrlər ölkəmizdə gəmiçilik sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Təzə gəmilər alınır, zavodlar müasir avadanlıqlarla təchiz edilir və s.  Ümumiyyətlə, indi ölkəmizdə dənizçi peşəsinin nüfuzu da durmadan artır. Prezidentimiz İlham Əliyevin mütəmadi olaraq dənizçilərlə bağlı imzaladığı sərəncamlar bu nüfuzun artmasına birbaşa təkan verir.  Ötən il mən də dövlət başçımızın Sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldüm.

`-Biz də sizi təbrik edir və sizə yeni-yeni uğurlar arzulayırıq…

-Çox sağ olun.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır