

Türkiyənin qazma donanmasına iki müasir gəmi əlavə olunacaq
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iki müasir 7-ci nəsil qazma gəmisinin alınacağını açıqlayıb ki, bunlardan birincisi 2026-cı ilin yanvarında, ikincisi isə gələn ilin fevralına qədər Türkiyənin dəniz sularına buraxılacaq.
AZƏRTAC Türkiyənin energetika və təbii sərvətlər nazirinin bəyanatına istinadla xəbər verir ki, uzunluğu 228 metr və eni 42 metr olan yeni gəmilərin adları hələlik açıqlanmır.
Cənubi Koreyada istehsal olunan qazma gəmiləri “Türkiye Petrolleri” dövlət şirkəti tərəfindən idarə olunacaq və 12 kilometrə qədər dərinlikdə qazma işləri apara biləcək. Gəmilərdə 200 nəfərlik heyət olacaq.
“Qazma donanmasının artırılması Ankaranın yataqların kəşfiyyatı və işlənməsi sahəsində imkanlarını gücləndirəcək, enerji hasilatının həcmini artıracaq”, - deyə A.Bayraktar bildirib.
Nazir qeyd edib ki, bu gün Türkiyə müasir qazma gəmilərinin sayına görə dünyanın aparıcı dörd ölkəsi sırasında yer alır.
Qeyd edək ki, hazırda Türkiyənin dörd qazma gəmisi - “Fatih”, “Yavuz”, “Kanuni” və “Abdülhamid Han” Qara dənizdəki ən böyük qaz yatağı olan “Sakarya”da aparılan işlərdə fəal iştirak edir.