• Bakı, 2019-12-05,
Seanews
Heyder Eliyev

“Gəmi təmiri ilə bağlı istənilən çətin işin öhdəsindən gələ bilirik”

Onun uşaqlığı dənizin sahilində, belə demək mümkünsə, gəmilərin bir addımlığında keçib.  Elə dənizçiliyə marağı da buradan yaranıb.

Söhbət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun Elektrik quraşdırma bölməsinin usta köməkçisi Elçin Abbasovdan gedir.

Bibiheybətdə dəniz kənarında doğulub, boya-başa çatdığı üçün Elçinin oyuncaqları köhnə gəmilər, oyun yoldaşları isə dənizçilər olub. Özünü dərk edəndə isə dənizçi olmaq fikrinə düşüb. Məktəbi bitirdikdən sonra imtahan versə də,  arzuladığı ixtisasa qəbul olmayıb. Bundan sonra hərbi xidmətə gedib.  Xidməti başa vuraraq,  yenidən hazırlaşıb və Azərbaycan Dövlət Dəniz Akademiyasının “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub.

Elçin deyir ki, gəmi təmirinin özəllikləri barədə Akademiyaya daxil olmamışdan əvvəl müəyyən təəssüratı olub.

– Bibiheybətdə zavodda işləyən dənizçilərlə dost idim. Hamısı məni çox istəyirdi. Onların geyimləri, zəhmətkeşliyi diqqətimi çəkirdi. Tez-tez ünsiyyətdə olduğum işçilərdən gəmini necə təmir etdiklərini soruşurdum. Çox maraqlı gəlirdi. Ona görə də Akademiyada oxuyanda keçdiyim dərslər mənə yad deyildi.

 

Müsahibim təhsilə həddən artıq önəm verir. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr kimi oxuyur. Gələcəkdə isə pedaqoji fəaliyyətlə məşğul olmağı düşünür. Elçin deyir:

– Hər gün oxuyuram, öyrənirəm. Bu, işdə uğur qazanmaq, fərqlənmək üçün vacib məsələdir. Təcrübəmi artırmağa çalışıram, harda yeni bir şey gördümsə maraqlanıram. Qismət olsa, gələcəkdə Azərbaycan Dövlət Dəniz Akademiyasında işləmək istəyirəm. Çünki, biliklərimi paylaşmağı sevirəm.

İşi ürəyincədir

İki ilə yaxındır eyni işi görür. Usta köməkçisi kimi işləmək ona böyük zövq verir. 

– Ümumiyyətlə, ixtisasım olduqca maraqlı və lazımlıdır. İnkişaf etmiş ölkələrdə avtomatlaşdırma sahəsinə xüsusi diqqət yetirilir. Avtomatlaşdırma mühəndisliyi standart mühəndislik sahələrinin və informasiya texnologiyalarının idarə edilməsinin birləşməsidir. Bu sahə dənizçilikdə böyük əhəmiyyətə malikdir. Məsələn, gəmi təmirə gələndə ilk növbədə onun avtomatlaşdırılmış qurğu və sistemlərinə baxırıq. Onlarsız gəminin hərəkəti mümkün deyil.

– Gəmi təmirinin özəllikləri, çətinliyi və məsuliyyəti barədə nə deyə bilərsiniz?

-Ümumiyyətlə, gəmi mürəkkəb konstruksiyaya malikdir. Və hər bir gəmi təmir zamanı fərdi yanaşma tələb edir.  Çətindir, məsuliyyətlidir  və s… Düzünü desəm, məni heç vaxt bunlar narahat etməyib. Məni düşündürən əsas məqam nəticədir. Yəni, gəmi özünü dənizdə doğruldanda bütün yorğunluq, çətinlik unudulur. 

 

-Bu iş həm də komanda işidir. Məsələn, maşını bir nəfər təmir edə bilər, amma gəmi təmiri tək adamla mümkün deyil. Bu qədər kollektivlə işləmək çətin deyil ki?

-Hərənin öz sahəsi var. Kimsə başqasının işinə mane ola bilməz. Üstəlik, hazırda “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işləmək üçün hər cür  şərait yaradılıb. Kollektivimiz mehribandır. Xüsusilə, yaşlı dənizçiləri vurğulamaq istəyərdim. Onların sayəsində çox şey öyrənirik. Hər zaman gənclərə dəstək olurlar, təcrübələrini paylaşırlar. Bu da bizi işləməyə həvəsləndirir.

Ümumiyyətlə, Elçin özünü şanslı hesab edir. Peşəkar komanda ilə işləmək gənc olaraq onu sevindirir. O, deyir:

-Bilirsiniz ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus təmir zavodları təkcə yerli gəmilərə xidmət göstərmir. Bəzən xarici gəmiləri də təmir edirik. Bir dəfə təmirə Rusiyaya məxsus gəmi gəlmişdi. Onlar bizə tamamilə fərqli sxem vermişdilər. Hiss olunurdu ki, peşəkarlığımıza bir qədər şübhə edirlər. Elə bilirdilər ki, öhdəsindən gələ bilməyəcəyik. Amma nəticə tam əksinə oldu. Onların istəklərinə tam uyğun təmir həyata keçirdik. Çox təəccüblənmişdilər. Sözün əsl mənasında gözlərinə inanmırdılar. Bu təmirdən sonra onlarla əməkdaşlığımız genişləndi. Bizdən gəminin başqa hissələrini də təmir etməyi istədilər. Demək istəyirəm ki, komandamız çox güclü və peşəkardır. İstənilən işin öhdəsindən gələ bilərik.

 

Uğur insanın öz əlindədir

Elçin Abbasov üçün mümkünsüz heç nə yoxdur. Elə uğurunun sirrini də bunda görür:

-Bəzi adamlar işə həvəssiz yanaşır. Kiçik bir problem olanda ümumiyyətlə həvəsdən düşürlər. Mən isə çətinliklə qarşılaşanda onun üzərinə gedirəm. Bu işdə də belədir. Nəsə alınmayanda geri çəkilmirəm. Bilmədiyim bir şey olanda təcrübəli dənizçilərə müraciət edirəm. Soruşmaqda qəbahət yoxdur. Əksinə, bu, insana yeni biliklər qazandırır.

 

-Sonda həmkarlarına, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələblərinə nə demək istərdiniz?

-Akademiyanın tələbələrinə tövsiyəm odur ki, yaxşı oxusunlar, getdikləri təcrübə yerlərində maksimum öyrənməyə çalışsınlar. Qətiyyən həvəsdən düşməsinlər. Mən də orda oxuyanda lazımsız fikirlərlə özümü yorurdum. Hər kəs deyirdi ki, bu qədər tələbə harda işləyəcək? İşləməyə başlayandan sonra əmin oldum ki, yaxşı mütəxəssisə hər yerdə ehtiyac var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır