• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

“Böyük İpək yolu”nun musson yol adlandırılan dəniz ticarəti xətti də var idi

VI əsrdə mahir tacirlər kimi tanınmış soqdiyalılar qədim karvan yollarından istifadə edərək İranla Aralıq dənizi arasında daimi əlaqə yaradırdılar.  Jujanların yolkəsənliyi və eftalitlərin (ağ hunların) bitmək bilməyən müharibələri ticarət əlaqələrinə mane olsa da, Orta Asiya çöllərini və Soqdiyanı birləşdirən türklər ticarət üçün geniş imkanlar yaratmışdılar. Turkyut təbəəliyini qəbul edən Soqdiya tacirləri Orta Asiya xaqanlığının ayrılmaz təkib hissəsinə çevrildilər. Eftalitlər İran, Çin və Hindistan arasında yerləşən ərazilərindən keçən karvanlara bələdçilik edirdilər.

Eftalitləri və Şimali Çin hökmdarlıqlarını məğlub edən turkyutlar Qərblə Şərqi birləşdirən böyük karvan yolunu ələ keçirdikdən sonra iqtisadi cəhətdən xeyli gücləndilər.

Qausu Çinin qərbə açılan qapısı sayılırdı və burada karvan yolu iki yola ayrılırdı. Tyan-Şanın cənub yamacı boyunca Qaraşardan, Kuçi və Aksudan keçən bir yol sonra Çin və Talaş vadiləri ilə İsfara çatırdı.

Şimal yol Urumcudan, Manasdan, Kürkaransudan və Şabiqan dağlarından keçən Cənubi Cunqariya ilə İli (və ya İtil) çayı vadisinə və oradan da cənuba, Orta Asiyaya gedirdi.

Bundan əlavə, Tyan-Şandan aşırımlardan keçərək, Qaraşardan Yulduz vadisi vasitəsilə İli vadisinə çıxan başqa bir karvan yolu da vardı. Lakin çətinliyə görə ondan demək olar ki, istifadə etmirdilər.

Üçüncü yol Qırğızıstandan Qaraşara gedən yol idi. Karvanlar Orta Asiyada dincəlirdilər. Ən böyük düşərgələrdən biri Paykənd şəhəri idi. Buradan yol Xorasandan keçib Rey və Həmədana, habelə Bizans qalası Nizibdən Suriya və Konstantinopola gedirdi. Çin dənizinin sahillərindən İran sərhədlərinə qədər məsafə 150 günə qət edilirdi, buradan Roma sərhəddindəki Nizibə getmək üçün isə 80 gün vaxt lazım gəlirdi.

Çinlilər ətriyat, ipək parça, bəzək əşyaları, qiyməti çox baha sürməni həvəslə alırdılar. Babilistan xalıları da nadir mal sayılırdı. Çinə daş-qaş Qırmızı dənizdən çıxarılmış mərcan, mirvari… gətirilirdi.

İpəyə hədsiz ehtiyacı olan Bizansda ipək qızıl və bahalı daşlarla eyni səviyyədə qiymətləndirilirdi. Bizansı bu qiymətli malla təchiz edən yol  Şimali İrandan keçdiyindən Sasani hökuməti karvan ticarəti üzərində nəzarəti qətiyyən əldən buraxmaq istəmirdi. Xam ipəyin böyük bir hissəsini istehsal edən iranlılar mallarını istədikləri qiymətə Qərbi Avropa ölkələrinə sata bilirdilər. Bizans imperiyasının tənəzzülünə can atan farslar, təbii ki, ipəyin qiymətinin bahalaşmasında, bu yolla Bizansdan daha çox pul qoparmaqla onu siyasi və hərbi baxımdan zəiflətməkdə maraqlı idilər. Bizans da bu vəziyyətlə barışmaq istəmir və Yustinian təxminən 531-ci ildə Afrika tacirlərinə vasitəçi rolunu öz öhdələrinə götürmələrini təklif edirdi.  Həmçinin ipəyin Bizansa Hind okeanından keçməklə gətirilməsi üçün Efiopiya kralı ilə razılığa gəlməyə çalışırdı.

İpək yolunun musson yol adlandırılan dəniz ticarəti xətti də var idi. Dənizçilər bu yoldan yay və qış mussonları zamanı, küləkli günlərdə istifadə edirdilər.

Dəniz yolu Çinin cənub sahillərindən başlayıb Asiyanın cənub-şərqi, cənub və cənub-qərbindən keçərək Qırmızı dənizə qədər uzanır – İsgəndəriyyə və Tir şəhərlərində başa çatırdı. Bundan sonra finikiyalılar vasitəsilə Şərq malları Avropaya aparılırdı. Hindistan və Misir tacirləri bu dəniz yolunda vasitəçi kimi çıxış etsələr də, Cənubi Ərəbistan tacirləri müstəqil hərəkət edirdilər. Sonralar Nil və Qırmızı dənizi birləşdirən kanal da çəkilmişdi. İranla 540-cı ildə başlayan yeni müharibədən istifadə edən Yustinian xüsusi fərmanla ipəyin qiymətini aşağı saldı, lakin fars tacirlərindən ipəyi həmin qiymətə almaq mümkün olmadı. Nəticədə xammal çatışmazlığına görə, Suriyadakı ipək toxuculuq müəssisələri iflasa uğradı.  

570-ci ildə Yəməni ələ keçirən Xosrov Ənuşirəvan bizanslıların Qırmızı dəniz və Hind okeanı vasitəsilə Şərqə çıxan yollarını kəsdi. Elə həmin dövrdə turkyut xaqanlığı da bu proseslərə qoşuldu. Turkyutlar hər il Çindən xərac şəklində yüz min pud ipək parça alırdılar. Eftalitlərilərin məğlubiyyətindən sonra soqdiyalılar turkyutların təbəəliyinə keçdilər. Artıq onlar üçün Asiyanın daxili vilayətlərinə maneəsiz və təhlükəsiz yol açılmışdı. İpək ticarətinin maksimum genişlənməsi həm soqdiyalıların, həm də artıq qalan ipək parçaları üçün bazar axtaran turkyutların xeyrinə idi.

Xəzər dənizi boyunca Qafqazdan ipək daşımaq asan deyildi, həm bahalı, həm də qorxulu idi. Bu ərazilərdə ticarət karvanlarına hücumlar adi hal almışdı. İrandan keçən yol isə qısa olduğu qədər də təhlükəsiz idi. Ona görə, mübahisəni silah gücünə həll etmək qərarına gələn İstəmi xaqan müttəfiqlər tapmağa tələsdi. Konstantinopola nümayəndə heyəti göndərildi.

553-cü ildə Bizans özünün ipəkçilik sənayesini işə saldı. VI əsrin sonlarına yaxın artıq ipək idxalı Bizans üçün əvvəlki əhəmiyyətə malik deyildi. Bu isə ticarətdən əldə olunan gəlirin xeyli azalması ilə nəticələndi.

Dövrün dörd nəhəng imperiyasını (Roma, Parfiya, Kuşan, Çin), eləcə də başqa dövlət və xalqları birləşdirən, Şərq-Qərb mədəniyyətlərinin yaxınlaşması prosesində mühüm rol oynayan İpək yolu sonralar davamlılığını saxladı. Həmin yolun keçdiyi bütün ölkələr tranzit ticarətindən böyük gəlir əldə etdilər. Yaxın Şərqin ən güclü dövlətləri isə Qərb dünyasına aparan bu nəhayətsiz yolda vasitəçiliyi ələ keçirməyə cəhd göstərir və çox vaxt buna nail olurdular. Artıq VI əsrdə “Böyük İpək yolu”nun bütün şərq sahəsi Soqdiya tacirlərinin əlində idi. Çin və Yaxın Şərq ipəyi ilə rəqabətə girmiş Soqdiya ipəyi Bizansa, Qərbi Avropa ölkələrinə yol açmışdı.

Köhnə dünyanın həm Şərq, həm də Qərb imperiyaları daxilində “Böyük İpək yolu”nda və onun şaxələrində hökmranlıq uğrunda mübarizə davam etmişdi. Eramızın III əsrində İranda hakimiyyəti ələ almış Sasanilər daimi rəqibləri Roma və onun varisi Bizansla ticarət əhəmiyyətli strateji yerlər uğrunda mübarizəni davam etdirmiş, ələ keçirdikləri Cənubi Qafqaz vasitəsilə Qara dənizə çıxış əldə edə bilmişdilər. Bununla yanaşı, Sasanilər Mesopotamiyada və Şərqi Aralıq dənizi sahillərində də mühüm qələbələr qazanımışdılar. “Böyük İpək yolu”ndan şaxələnərək Aralıq dənizi sahilindən Yəmənə doğru uzanan, oradan isə dəniz yolu ilə Hindistanla əlaqələnən qədim “ətir yolu” üstündə İraqla Bizansın mənafeləri toqquşurdu.

Uzun illər davam edən bu mübarizə Suriya və Qərbi Avropaya aparan ticarət karvan yolunun əsas hissəsinin iranlıların əlinə keçməsinə səbəb oldu. “Böyük İpək yolu”nun qərb sahəsində olduğu kimi, onun Şərq sahəsində də bu yola ağalıq etmək istəyi azalmırdı. VI əsrin ortalarında Mərkəzi Asiyada Böyük okeandan Qara dənizədək ərazidə qüdrətli Türk xaqanlığının yaranması və onun İpək yoluna hakimlik etmək cəhdləri Ümumçin mərkəzləşmiş dövlətinin təşəkkülü zərurətini meydana gətirdi. 581-ci ildə üç əsrlik parçalanmadan sonra Suy sülaləsinin başçılığı ilə ölkə birləşdirildi.

Suy sülaləsinin hakimiyyətə gəlməsi ilə İpək yoluna nəzarət üstündə türklərlə (turkyutlar) mübarizə ğücləndi. Türkdaxili ziddiyyətlərin nəticəsi olaraq xaqanlığın iki müstəqil Şərq və Qərb dövlətlərinə parçalanması Çin səddindən şimalda Suy Çin dövlətinin müvəqqəti hegemonluğuna şərairt yaratdı. İpək yolu uğrunda qazandığı uğurlardan sonra Suy hökmdarları Hind-Çinə və Koreyaya yeni yürüşlər iddiasına düşdülər. Suy hökmdarlarının işğalçılıq fəaliyyəti Ümumçin Tan sülaləsini hakimiyyətə gətirdi.

Uzaq ölkələrdə dəniz ticarətinin mərkəzi olan Quançjou, Syuançjou və Xançjou şəhərlərinə ərəb, fars, malay, seylon... tacirlərinin gəmiləri yan alırdı. Quançjou yaxınlığında məskunlaşmış ərəblərin sayca çoxalması və onların yerli əhali ilə qarışması yeni etnik qrupu – cənub xueylərini meydana gətirmişdi. Şimali-qərbdə, Şensi vilayətində və bəzi daxili rayonlarda Soqd kaloniyaları vardı. Lakin tezliklə Tan Çini İpək yolunun şərq hissəsi üzərində hegemonluğunu saxlamağa cəhd göstərən ərəblərin Şərqə hərəkətinin qarşısını almağa mane olmaq məqsədilə Mərkəzi Asiyaya yürüş etdi. 751-ci ildə Talas çayı yaxınlığında yerli əhalinin dəstəklədiyi ərəb qoşunları Çinin qərbə doğru sərhədlərini genişləndirməsinin qarşısını aldı.

Və beləliklə, “Böyük İpək yolu”nun qərb hissəsinə nəzarət İspaniyadan Qaşqaradək böyük bir ərazini tutmuş, Sasani imperiyasına son qoymuş, Bizans imperiyasının bir çox torpaqlarına yiyələnə bilmiş ərəblərin əlinə keçdi…


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır