Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Dəniz mövzusu yaradıcılığının mərkəzindən qırmızı bir xətlə keçən şairin doğum günüdür

Rəsul Rza 1910-cu il mayın 19-da Göyçayda anadan olub.

Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1927-ci ildə Tbilisidə “Bu gün” adlı ilk şeri çap olunub.

Böyük Vətən müharibəsi illərində hərbi müxbir işləyən Rəsul Rzanın "Vətən", "İntiqam! İntiqam…" adlı şer kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət"  hekayə və oçerk topluları, "Vəfa" pyesi işıq üzü görüb. Müharibədən sonrakı illərdə "Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965), "Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə"(1979) kitabları çapdan çıxıb.

Yaradıcılıqla yanaşı ictimai-siyasi fəaliyyətlə də məşğul olan Rəsul Rza bir çox dövlət vəzifələrində çalışıb. 1939-cu ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru, 1960-1981-ci illərdə Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.

Rəsul Rza 1981-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus gəmilərdən biri Rəsul Rzanın adını daşıyır. Hazırda “Rəsul Rza” quru-yük gəmisi xarici sularda üzür.

Rəsul Rza yaradıcılığının, poeziyasının mərkəzindən dəniz mövzusu qırmızı bir xətlə keçir.  Ümumiyyətlə, dənizi Rəsul Rzanın şəxsi malı da hesab edə bilərik. Əlbəttə, bu fikrə etiraz edib başqa şairlərin də həmin mövzuya müraciət etdiklərini demək olar. Amma başqalarının dənizi ilə Rəsul Rzanın dənizi fərqlənir, onun dənizi birrəng deyil, onun dənizi rəngbərəngdir:

Dəniz nə rəngdədir.

Mavi,

Eləmi?

Ancaq mən dənizi yaşıl görmüşəm

Dəniz yaşıl olur,

Eləmi?

Ancaq mən dənizi qara görmüşəm,

Dəniz qara olur;

eləmi?

Ancaq mən dənizi ağ görmüşəm.

Mən dənizi üşüyən görmüşəm.

Mən dənizi acıqlı da görmüşəm,

gülən də.

Nə rəngdədir dəniz? 

Şairin dəniz mövzulu şeirlərində təkcə rəngbərəng deyil, həm də özünəməxsus xarakteri olan, hirslənən, üşüyən, darıxan, sevən, sevilən, şikayət edən, həsrətlə səhəri gözləyən, şairi ilhamlandıran Dəniz obrazını da görə bilərik.

Rəsul Rza üçün dünya Dənizdən başlanır... Dəniz rənglidirsə, dünya rənglidir. Ona görə də çoxu sadəcə açıq, ya tünd mavi saydığı dənizi şair istədiyi rəngdə görə və duya bilir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır