• Bakı, 2019-12-05,
Seanews
Heyder Eliyev

Qürurla xatırlayırıq: Zəhməti ilə daim ucalan dənizçi Fərəməz Mustafayev

Fərəməz Əli oğlu Mustafayev 1932-ci ildə Xankəndidə anadan olub. 1944-cü ildə dənizçi olmaq arzusu ilə Bakıya gəlib və əvvəlcə Bakı yunqa məktəbində, 1947-1951-ci illərdə isə Bakı dəniz yolları məktəbində oxuyub və mexanik ixtisasına yiyələnib. Daha sonra F. Mustafayev istehsalatdan ayrılmadan Odessa Ali Dəniz Mühəndisləri Məktəbini bitirib. Dənizçi kimi fəaliyyətinə “Qəhrəman Mehdi” tankerində 4-cü mexanik kimi başlayıb və qısa müddətdə bacarığı, savadı ilə fərqlənərək baş mexanik vəzifəsinə irəli çəkilib. “Ucar”, “Cəbrayıl”, “Port İliç” və sair gəmilərdə böyük mexanik kimi yaxın-uzaq səfərlərə çıxıb. 1971-ci ildə sahildə işə dəvət olunan Fərəməz müəllim məsləhətçi mexanik, gəmi təmiri zavodları xidmətinin rəisi, gəmi təsərrüfatı xidmətinin rəisi işləyib. 1975-1980-ci illərdə Dəniz Donanması nazirinin əmri ilə Qafur Məmmədov adına Bakı dəniz yolları məktəbində dövlət ixtisasartırma komissiyasına rəhbərlik edib. 1976-cı ildə Finlandiyada “Kapitan İzmayılov” buzqıran gəmisini qəbul edən komissiyanın sədri olub. Böyük təşkilatçılıq və təsərrüfatçılıq qabiliyyəti  nəzərə alınaraq Fərəməz Mustafayev 1980-ci ildə Xəzər Dəniz Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru təyin olunub və 17 il bu kollektivə rəhbərlik edib. Mustafayevin əməyi yüksək qiymətləndirilib, 1963-cü ildə Lenin ordeni ilə təltif edilib, müxtəlif medallara, fəxri fərmanlara layiq görülüb. Fərəməz Mustafayev 2000-ci ilin noyabr ayında dünyasını dəyişib.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır