• Bakı, 2021-11-28,
Seanews
Heyder Eliyev

ADDA-nın mətbəəsində yeni kitablar çap edilib

Azərbaycan Dövlət Dəniz Akademiyasının mətbəəsində mütəmadi olaraq tələbələr üçün yeni kitabların və dərs vəsaitlərinin çapı həyata keçirilir. Bura həm ixtisas fənləri, həm də Akademiyada tədris olunan digər ümumi fənlər üzrə kitablar, mühazirələr, metodik göstərişlər daxildir.

Bugünlərdə mətbəədə ADDA-nın “Gəmi elektroavtomatikası” kafedrasının əməkdaşları dosent Elşən Sultanov və baş müəllim İlhamə Bayramovanın müəllifliyi ilə  “Elektrik intiqalının nəzərəiyyəsi”, ”Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları dosent Vüqar Sadıqov, dosent Elxan Məmmədov və dosent İsaq Xankişiyevin müəllifliyi ilə “Gəmi sistemləri və qurğuları", “Gəmi energetik qurğuları” kafedrasının əməkdaşı dosent Nazim Əliyev, professor Vaqif  Həsənov və başqalarının müəllifliyi ilə "Texniki termodinamika və istilikötürmə" adlı dərsliklər nəşr olunmuşdur.

Dosent Elşən Sultanov və baş müəllim İlhamə Bayramovanın müəllifliyi ilə ərsəyə gələn "Elektrik intiqalının nəzərəiyyəsi" adlı dərslikdə elektrik intiqalının mexanikası və mexaniki xarakteristikaları, elektrik intiqallarının sürətinin tənzim olunması, elektrik intiqallarının gücünün hesablanması, seçilməsi və elektrik intiqallarında keçid prosesləri  haqqında ətraflı məlumat verilmişdir.

Dosent Vüqar Sadıqov, dosent Elxan Məmmədov və dosent İsaq Xankişiyevin müəllifliyi ilə "Gəmi sistemləri və qurğuları" dərsliyində gəmi sistemlərinin təyinatı, təsnifatı, sahil birləşmələri və gəmi sistemlərinin qurğuları haqqında məlumat verilmişdir. Gəmilərin layihələndirilməsi və təmiri zamanı boru sistemlərinin quraşdırılması, onların materialları, markalanması, qurğu və avadanlıqlarının montajı, sınaqlarının aparılması metodları, qurğularının avtomatlaşdırılması, gəmi boru sistemlərinə olan tələblər göstərilmişdir və bu zaman gəmiqayırmada olan ümumi prinsiplər və Registrin tələbləriöz əksini tapmışdır.

Dosent Nazim Əliyev, professor Vaqif  Həsənov və başqalarının müəllifliyi ilə "Texniki termodinamika və istilikötürmə" adlı dərslikdə  texniki termodinamikanın əsas anlayışları, termodinamik proseslər, istilik mühərriklərinin və qurğularının termodinamik tsiklləri və başqa texniki qurğulardakı istilik mübadiləsi proseslərinin təhlili və hesablanması metodları haqqında ətraflı məlumatlar verilmişdir.

Dərsliklərdən Akademiyanın tələbələri ilə yanaşı, mühəndislər, tədqiqatçılar və gəmilərdə çalışan mütəxəssislər də  istifadə edə bilərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır