• Bakı, 2020-10-26,
Seanews
Heyder Eliyev

ADDA müəllimlərinin kitabları Beynəlxalq Kitab Forumunda

Rusiyanın paytaxtı Moskvanın “Manej” sərgi salonununda 2-6 sentyabr 2020-ci ildə 33-cü Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgidə dünyanın bir çox alim və müəllimlərini  öz ətrafında birləşdirən Rusiya Təbiətşünaslıq Akademiyası nəşriyyatında 2004-2020-ci illər üçün çap olunmuş kitablar, həmçinin Akademiyanın son illərdə keçirilən tədris və metodiki nəşrləri də nümayiş edilib. Bu nəşrlər arasında Rusiya Təbiətşünaslıq Akademiyasının kataloquna daxil olan Azərbaycan Dövlət Dəniz Akademiyasının ”Dəniz naviqasiyası” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Rövşən Hümbətəliyevin həmmüəllifi olduğu 7 kitab və ADDA-nın İnformasiya Resurs Mərkəzinin baş mütəxəssisi, “Tətbiqi mexanika” kafedrasının müəllimi Adil Sadiqovun müəllifləri sırasında yer aldığı “Alqoritmlər nəzəriyyəsi” kitabı  da olub. 

Rusiya Təbiətşünaslıq Akademiyasından Rövşən Hümbətəliyevə Beynəlxalq Kitab Sərgisinin iştirakçısı olmasını təsdiq edən diplom, Beynəlxalq Kitab Sərgisinin iştirakçısının qızıl medalı və həmmüəllifi olduğu kitabların sərgidə təqdim edilən kataloqunda yer aldığını bildirən məktub göndərilib.

Qeyd edək ki, Rövşən Hümbətəliyev Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki, Adil Sadiqov isə həmin Akademiyanın professorudur. 

Moskva höküməti, Rusiya Kitab İttifaqı, Rusiya Nəşrləri və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin dəstəyi ilə keçirilən sərgidə 70 ölkədən ümumilikdə 350-dən çox nəşriyyat iştirak edib.  Builki sərgiyə ilk dəfə iştirakçılar həm əyani, həm onlayn formada qatıla biliblər. Bu format tədbirin auditoriyasının genişlənməsində böyük rol oynayıb. 

Sərgi müddətində 600-dən çox işgüzar görüşlər keçirilib. Koreya Respublikası "Gələcək İndi" proqramını təqdim edərək, Moskva Beynəlxalq Kitab Forumunda fəxri qonaq oldu. Belçika, Böyük Britaniya, Macarıstan, Vyetnam, Almaniya, Yunanıstan, Misir, İsrail, Hindistan, İran, İtaliya, Çin, KXDR, Kolumbiya, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Pakistan, Polşa, Serbiya kimi ölkələrin aparıcı naşirlərinin kitabları müxtəlif formatlarda təqdim olunmuş, Sinqapur, Suriya, Türkiyə, Fransa, Estoniya, Cənubi Koreya, Yaponiya və bir çox xarici ölkələrin nümayəndələri isə tədbirin forumunn qonağı oldular.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır