Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

İran, Rusiya və Çin hərbi dəniz donanmalarının birgə hərbi təlimi başlayıb

Dekabrın 27-də Hind Okeanının şimal sularında İran, Çin və Rusiya hərbi dəniz donanmalarının birgə hərbi təlimi başlayıb.

AZƏRTAC xəbər verir ki, hər üç dövlətin iki ay müddətində apardıqları danışıqların nəticəsində birgə hərbi təlim keçirmək barədə razılıq əldə olunub. Təlimlərə döyüş gəmiləri ilə yanaşı, xüsusi təyinatlılar da cəlb edilib.

Qeyd edək ki, bu təlimlər dünya mətbuatının gündəmindədir və bu da təsadüfi deyil. Dünya mətbuatı yazır ki, regionda baş verən ciddi siyasi proseslər dövlətlərin hərbi birliklər yaratmasına səbəb olub. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ-ın Yaxın Şərqə təsirinin artması Rusiyanın və Çinin narahatlığına səbəb olub. Hər iki dövlətin Yaxın Şərq ilə yanaşı, Hind Okeanı akvatoriyasında da geosiyasi maraqları var. Bu maraqlara beynəlxalq ticarətə və nəqliyyat yollarına nəzarət etmək və bu kimi digər amillər daxildir. İran diplomatiyası bu məsələni nəzərdən qaçırmır və ABŞ ilə qarşıdurmada Rusiyanı və Çini birlikdə addım atmağın zəruriliyinə inandıra bilib.

Bu gün sanksiyalardan əziyyət çəkən İran demək olar ki, ABŞ-a qarşı heç də təkbaşına deyil. İran-Rusiya və İran-Çin münasibətlərinin ABŞ-ın Yaxın Şərqə müdaxiləsindən sonra daha da yaxınlaşmasını göstərən fakt təkcə bu gün başlanan hərbi təlim deyil. Rusiyanın İranda Atom Elektrik Stansiyası tikməyə başlaması və rəsmi Moskvanın İrana 10 milyarddan çox investisiya yatıracağını bəyan etməsi Tehrana ciddi dəstək mesajıdır.

Çin də öz növbəsində, ABŞ ilə demək olar ki, “ticarət müharibəsi” aparır. ABŞ-ın ölkəyə daxil olan Çin mallarına əlavə rüsumlar tətbiq etməsi və vergini artırması Çinin narazılığına səbəb olub. Çin də analoji addımı ABŞ-a qarşı atdı və İran ilə iqtisadi əlaqələri davam etdirəcəyini bildirdi. Bundan sonra bu iki ölkə arasında ticarət mübahisələri o qədər şiddətləndi ki, beynəlxalq mətbuat bunu “ticarət müharibəsi” adlandırmağa başladı.

Beləliklə, bu gün İran, Rusiya və Çinin birgə hərbi təlimi onu deməyə əsas verir ki, ABŞ regionda güclü ittifaq ilə qarşı-qarşıyadır. Məhz bu gün səhər ABŞ dövlət departamenti bəyanat verdi ki, rəsmi Vaşinqton İran, Rusiya və Çinin keçirdikləri birgə hərbi təlimi diqqətlə müşahidə edir.

Bölgədə ABŞ-ın da hərbi bazaları, hərbi gəmiləri az deyil. ABŞ-ın dünyada analoqu olmayan “Avraam Linkoln” təyyarə daşıyan nəhəng hərbi gəmisi də hazırda Körfəzdədir.

Xatırladaq ki, hərbi təlimlər dekabrın 30-dək davam edəcək. Hadisələrin hansı istiqamətdə dəyişəcəyini isə zaman göstərəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır