• Bakı, 2019-12-12,
Seanews
Heyder Eliyev

ADDA-da “Maliyyə Savadlılığı” seminarı keçirilib

Oktyabrın 10-da Mərkəzi Bankdan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan tələbələr üçün “Maliyyə savadlılığı” mövzusunda  maarifləndirici seminar keçirilib.

Mərkəzi Bankın İqtisadi təhlil departamentinin, Maliyyə sektoru və bazarlarının təhlili şöbəsinin aparıcı mütəxəssisi Lamiyə Qaralovanın təqdimatında tələbələrə Mərkəzi Bankın maliyyə savadlılığı çərçivəsində həyata keçirdiyi tədbirlər, maarifləndirici resurslar, həmçinin maliyyə savadlılığı portalı (bizimpullar.az), maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi (infobank.az) və virtual təhsil platforması(edu.e-cbar.az) kimi mövzular ətrafında geniş məlumat verilib.

AMB-nın İqtisadi təhlil departamentinin Maliyyə sektoru və bazarlarının təhlili şöbəsinin böyük mütəxəssisi Rövşən Qəniyev isə ADDA tələbələri ilə diqaloq formatında milli manatımızın tarixi, onun üzərindəki nişanlar haqqında, pul əskinaslarının ekspertizası, həmçinin pul nişanlarının saxtakarlığına qarşı mübarizə yollarından danışıb.

Seminarın sonunda Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli Ödəniş Sisteminin inkişafı şöbəsinin kiçik mütəxəssisi Rəşad Qasımov tələbələrə nağdsız ödənişlərin üstünlükləri və milli ödəniş sistemləri ilə bağlı məlumat verib.

İki saatlıq seminar hər bir çıxış edən mütəxəssisə ünvalanan sualların ətraflı və sadə dildə izah olunması ilə yadda qalıb.  

Dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” ayrıca strateji hədəf kimi qeyd olunmuş və maliyyə savadlılığının əhəmiyyəti bir daha vurğulanmışdır. Bu sənəd istehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi proritetinin əsas icraçısı kimi Azərbaycan Milli Bankının qarşısında əhalinin maarifləndirilməsinə dair strateji tapşırıqlar qoymuşdur. Həmçinin Prezidentin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, əhalinin maliyyə savadlılığının yüksəldilməsi, rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması məqsədilə hədəf qruplar üçün maarifləndirmə, təbliğat və təşviqat tədbirləri həyata keçirilir, “Maliyyə savadlılığı” portalının və virtual təhsil platformasının məzmunu mütəmadi zənginləşdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır