• Bakı, 2022-01-21,
Seanews
Heyder Eliyev

Super yaxtaya bənzəyən balıq təsərrüfatı gəmisi

RINA Dəniz Təsnifat Cəmiyyəti təkcə təbii şəraitdə canlı balığın yetişdirilməsini/saxlanmasını deyil, həm də dənizdən birbaşa süfrəyə çatdırılmasını təmin edən üzən balıq fermasının layihəsini bəyənib.

“Seanews.az” xəbər verir ki,  üzən ferma -  balıq təsərrüfatı gəmisi super yaxtaya bənzəyir, iqtisadi baxımdan səmərəli olmaqla yanaşı, burada heyət üçün də hər cür rahat şərait yaradılıb.

Gəmi Çilinin “Ocean Ark Tech of Chile” (OATECH) şirkəti tərəfindən “British Ocean Sovereign” ilə sıx əməkdaşlıq etməklə layihələndirilib və inşa edilib.

Uzunluğu 170 və eni 64 metr olan bu zərif trimaran 450 tona qədər qiymətli balıq növlərinin saxlanması üçün xüsusi mis-sink ərintisindən hazırlanmış səkkiz geniş özünü təmizləyən qəfəslə təchiz edilmişdir.

Qəfəslər yan-yana yerləşir və dəniz suyu onların arasından sərbəst axır ki, bu da balıqların təbii yaşayış mühitinə zəmanət verir və hətta uzun məsafələrə belə canlı yük daşıyarkən çətinlik yaratmır.

Üzən balıqçılıq təsərrüfatının heyəti 20 nəfərdən ibarət olacaq, sahillə operativ əlaqənin təşkili üçün helikopter meydançası da nəzərdə tutulub.

İlkin hesablamalara görə, yeni tipli təsərrüfatda balıqların ölümü təbii bioloji səviyyədən ən azı 5 faiz aşağı olacaq.

Orijinal ixtisaslaşdırılmış gəmilərin tikintisi üçün sifarişlərin Çinin “CIMC Raffles” və “China Merchants Industry”, eləcə də Türkiyənin “Tərsan” şirkətlərinə  verilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır