IMO və Paris Memorandumu arasında mühüm saziş: Gəmi yoxlamalarında şəffaflıq artırılır
Londonda Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə Paris Memorandumu (Paris MoU) arasında yenilənmiş məlumat mübadiləsi sazişi imzalanıb. Bu sənəd dünya miqyasında gəmi təftişlərinin (PSC) daha effektiv və şəffaf keçirilməsinə xidmət edəcək.
“Seanews.az” xəbər verir ki, saziş IMO-nun Baş katibi Arsenio Dominqes və Paris MoU-nun rəhbəri Luk Smulders tərəfindən rəsmiləşdirilib. Məqsəd limanlarda gəmi yoxlamaları zamanı məlumatların daha sürətli və tam paylaşılmasıdır.
Yeni razılaşma gəmilərin təftiş məlumatlarının tam şəkildə IMO-nun GISIS sisteminə inteqrasiya olunmasını təmin edir. Bu, gəmi sahibləri və bayraq dövlətləri üçün prosesləri daha izlənilən edir.
Bu, IMO-nun regional qurumlarla bağladığı artıq altıncı analoji sazişdir. 2025-ci ildə Tokio, Hind Okeanı və digər regional təşkilatlarla da bənzər addımlar atılmışdı.

