

Hindistandan Atlantik okeanına, Qırmızı dənizdən Xəzər dənizinə qədər çox geniş əraziləri gəzib-dolanan səyyah
Coğrafi səyahətlər tarixinin böyük simalarından olan Məsudi (əl‐Məsudi, Əbu əl‐Həsən Əli ibn əl‐Hüseyn ibn Əli‐əl‐Məsudi) IX əsrin sonlarında Bağdadda doğulmuşdur.
Görkəmli ərəb səyyahı, coğrafiyaşünas və tarixçisinin qələmindən 20-dən çox əsər çıxmışdır. Hindistandan Atlantik okeanına, Qırmızı dənizdən Xəzər dənizinə qədər çox geniş ərazini gəzib-dolanan səyyahın əsərlərindən 7-si məhz coğrafiya və tarixə aiddir.
943-cü ildə qələmə aldığı “Qızıl yuyulan yer və cəvahirat mədənləri” (“Müruc əz‐zəhəb və məadin‐əl‐cəvahir”) əsərində Qafqaz dağları, bu dağlarda yaşayan “72 millət”, Qafqaz ətrafındakı ölkələr, o cümlədən xəzərlər, bulqarlar, quzlar, slavyanlar, Xəzər xaqanlığı ilə yanaşı, Xəzər dənizi, Dərbənd şəhəri, Şirvan, Şirvanşahlar dövləti, Muğan, Bakı, Bərdə, Şəki, Qəbələ, Araz və Kür çayları, Urmiya gölü… haqqında verdiyi məlumatlar çox maraqlıdır. Məsudi o zaman Xəzərdə müxtəlif istiqamətlərdə ticarət gəmilərinin üzməsindən yazır, “neft verən torpaqda” – Abşeronda, “Şirvan məmləkətinin sahil şəhəri” olan Bakıda ağ neft çıxarıldığını göstərir, “dünyada buradan başqa ağ neft olan başqa yer olmadığını” qeyd edir.
Məsudi həmin əsərdə rusların 912–913‐cü illərdən sonra Xəzərsahili vilayətlərə, o cümlədən “neftli torpağa” hücumundan da bəhs etmişdir.
Məsudi 956-cı ildə yazdığı “Xəbərdarlıq və yenidən nəzərdən keçirmə kitabı”nda (“Kitab ət‐tənbih və əl‐işraf”) səyahət etdiyi bir çox ölkələrin, xüsusilə Xəzərdən şimalda və şimal‐şərqdə olan ölkələrin müfəssəl coğrafi təsvirini verir.
O, dünya xalqlarını yeddi qrupa bölür: iranlılar, kəldanilər – xaldeylər (ərəblər və yəhudilərlə birlikdə), avropalılar (yunanlar, bizanslılar, slavyanlar, franklar), liviyalılar və ümumiyyətlə, afrikalılar, türklər, hindlilər, çinlilər (koreyalılarla birlikdə). Səyyah gəzib‐dolandığı bütün ölkələrin tarixini, burda yaşayan xalqların adət‐ənənələrini, hətta dini etiqadlarını işıqlandırır.
Vahid Dünya okeanının mövcudluğuna, Atlantik və Hind okeanlarının bir‐biri ilə əlaqədar olduğuna inanan Məsudi, həmçinin Dünya ətrafına səyahəti mümkün hesab edirdi. Lakin böyük səyyah Dünya ətrafına dolanmaq üçün 500 il vaxt lazım gəldiyini düşünürdü.
Görkəmli ərəb səyyahı “Xəbərdarlıq və yenidən nəzərdən keçirmə” əsərində Xəzər dənizi və Bakı haqqındakı məlumatlarını bir daha təsdiqləyir. Onun bu əsərdə Xəzər sahillərində türk tayfaları olan quzların yaşaması, Xəzər dənizinin uzunsov şəkildə olması (uzunluğu 800 mil, eni 600 mil), “Bakıdan ağ neft daşınması” haqqındakı məlumatları tariximizi öyrənmək baxımından çox qiymətlidir.
Bəzi şərqşünasların "ərəblərin Herodotu” adlandırdıqları Məsudi 956‐cı, başqa məlumata görə isə 957‐ci ildə Qahirədə dünyasını dəyişmişdir.