Okean tədqiqatçısı Jak-İv Kustonun anadan olmasından 110 il ötür
Jak-İv Kusto - Dünya Okeanının fransız tədqiqatçısı, populyar "Sualtı Odissey" filminin rejissoru, akvalanq qurğularının ixtiraçısı və sualtı dünya haqqında bir çox kitabın müəllifidir. Dostları və tanışları onu “Kapitan Kusto” adlandırırdılar.
Jak İv Kusto 11 iyun 1910-cu ildə Fransanın Saint-Andre-de-Kyubzak şəhərində (Bordo regionu) dünyaya gəlib. İlk olaraq internatda təhsil almış, daha sonradan hərbi-dəniz akademiyasını bitirib, Şanxayda dəniz bazasında xidmət edib. “Sualtı kral” 25 iyun 1997-ci ildə Parisdə dünyasını dəyişib.
1943-cü ildə tədqiqatçı Jak-İv Kusto “sualtı ağ ciyər” – akvalanq ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edir. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir. İçərisinə sıxılmış hava doldurulan üç balon dalğıcın kürəyinə keçirilir. Oksigen xüsusi şlanq vasitəsilə dalğıcın ağzındakı müştüyə dolur. Nəticədə insan suyun altında rahat nəfəs alır və hərəkət edir. Sukeçirməyən maska yaxşı görməyə imkan verir, dalğıcın gözlərini və burnunu qoruyur. Rahat kürəklər isə dalğıcın suyun dərinliklərində balıq kimi üzməsinə şərait yaradır. Jak-İv Kusto və onun komandası bu ixtiranı əvvəlcə öz üzərlərində sınaqda keçirib. Onlar həyatlarını riskə ataraq akvalanqın bütün qüsurlarını aradan qaldırıblar. Sualtı təhlükəsizliyi təmin etmək barədə düşünən ixtiraçılar oksigen verilməsi üçün avtomatik tənzimləyici yaradıblar.
Akvalanqın kəşfi sualtı səltənətin qapılarını insanların üzünə taybatay açdı. Jak-İv Kusto və onun ardıcılları planetimizin müxtəlif guşələrində okeanların və dənizlərin dərinliklərinə baş vururlar. Dalğıclar okeanda gördüklərini dünyaya nümayiş etdirirlər. Buna görə də sualtı foto və videoçəkilişlər inkişaf etməyə başlayır. Sualtı aləmin gözəlliyi insanı valeh edir. Dalğıclar suya qərq olan gəmiləri, fantastik mərcan riflərini, dəniz sakinlərinin həyatını, suyun dibində yerləşən mağaraların şəklini çəkirlər. Kusto komandasının aşkar etdiyi qədim yunan amforaları və antik mərmər sütunlar hazırda əsl muzey dəyərlərinə çevrilib.
Dalğıclar suyun zəif qızdığı dərin qatlarda tez donduqları üçün Jak-İv Kusto xüsusi hidrokostyum yaradıb. Bu kostyum soyuq suya dalma zamanı istiliyi daha yaxşı saxlayır. Nazik ara qat ilə təchiz edilən rezinləşdirilmiş xüsusi geyim dalğıcın nəfəsi ilə dolur. Kostyumun çox şişməməsi üçün ixtiraçı artıq havanı çıxaran xüsusi klapanlar düzəldib. Yeni model Qrenlandiya buzlaqlarında uğurla sınaqdan keçirilib.