• Bakı, 2020-08-03,
Seanews
Heyder Eliyev

Okean isinir, buzlaqlar əriyir, dəniz səviyyəsi qalxır - HESABAT

2019-cu il onilliyi görünməmiş istilərlə başa vurur.

Bu fikirlər Madriddə keçirilən iqlim konfransında müzakirə üçün hazırlanmış Dünya Meteorologiya Təşkilatının hesabatında yer alıb. 

DMT-nin baş katibi Petteri Taalas yeni hesabatı təqdim edərkən deyib: “İqlim dəyişikliklərinin nəticələri hər gün ekstremal və anomal hava şəraitində özünü göstərir... Əvvəllər yüz ildə bir baş verən isti dalğalar və daşqınlar artıq normaya çevrilir. Dağıdıcı tropik siklonlar Baham adalarından tutmuş Yaponiya və Mozambikə qədər bir çox ölkələri cənginə alıb. Arktika və Avstraliyanı meşə yanğınları bürüyüb”.

O bildirib ki, okean isinir, buzlaqlar əriyir, dəniz səviyyəsi qalxır. İstini və karbon qazını udaraq bufer rolunu oynayan okean daha çox zərərə məruz qalır. 2019-cu ildə okean sularının isinməsi rekord həddə çatıb. Eyni zamanda, indi okean sularının turşuluğunun səviyyəsi sənayeləşmə dövrünün başlanmasınadək olan vaxtdan 26 faiz artıqdır. Həyati əhəmiyyətli dəniz ekoloji sistemlərinin deqradasiyası baş verir.

Qrenlandiya və Antarktikanın buz qalxanlarının əriməsi nəticəsində dəniz səviyyəsi də sürətlə qalxır. Belə ki, 2019-cu ilin oktyabrında dünya üzrə orta səviyyə 1993-cü ildə aparılan altimetrik ölçmələrlə müqayisədə maksimum həddə çatıb.

2019-cu ilin sentyabrında dəniz buzunun sutkalıq minimum uzunluğu peyk müşahidələri tarixində ikinci ən aşağı səviyyəyə düşüb. Antarktidada cari ilin bir neçə ayı ərzində dəniz buzu sahəsinin rekord aşağı ölçüsü qeydə alınıb.

Bundan başqa, ABŞ-ın mərkəzi hissəsində, Kanadanın şimalında, Şimali Rusiyada və Cənub-Qərbi Asiyada anomal yüksək yağıntılar müşahidə olunub. 2018-ci ilin iyul ayından 2019-cu ilin iyununadək olan dövrdə ABŞ-ın bir neçə ştatında 12 ay ərzində yağıntıların həcmi bütün müşahidə tarixi ərzində ən yüksək səviyyəyə - 962 mm-ə çatıb. Ekspertlər bunu da iqlimin isinməsi ilə əlaqələndirirlər.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır