Konteyner gəmisinin bioyanacaqla sınaq səfəri 41 gün çəkib
Xətti daşıma şirkəti “Orient Overseas Container Line Ltd.”-nin (“OOCL”) “OOCL Yokohama” gəmisi “Chevron Singapore Pte Ltd” enerji şirkəti tərəfindən təmin edilən bioyanacaqla ilk sınaq səfərini başa çatdırıb.
“Seanews.az”ın məlumatına görə, 2022-ci il iyunun 24-də 4,578 TEU-luq konteyner gəmisi “OOCL Yokohama” 1,999,3 ton B22 dəniz bioyanacağı ilə təchiz edilib. Gəmi iyunun 26-da Cənub-Şərqi Asiya - Avstraliya konteyner xidməti üzrə səfər etmək üçün Sinqapur limanını tərk edib. Səfər 41 gün davam edib və avqustun 5-də Sinqapur limanında Avstraliyanın bir neçə limanına yan aldıqdan sonra başa çatıb.
“Orient Overseas Container Line” və “OOCL” konteyner daşıma operatorlarının brend adlarıdır: “Orient Overseas Container Line Limited” (“OOCLL”) və “OOCL (Europe) Limited” şirkətləri “Orient Overseas (International) Limited”-in törəmələridir.
“OOCL” (qərargahı Honkonqda yerləşir) 100 ölkədə 125-dən çox ofisi olan dünyanın ən böyük inteqrasiya olunmuş beynəlxalq konteyner daşımaları və logistika şirkətlərindən biridir. Şirkətin xidmətləri Asiya, Avropa, Şimali Amerika, Aralıq dənizi, Hindistan yarımadası, Yaxın Şərq və Avstraliya/Yeni Zelandiyanı birləşdirir.
Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Chevron” neft və təbii qaz istehsalı və daşınma üçün yanacaq və sürtkü yağları, neft-kimya məhsulları və müxtəlif aşqarların istehsalı, eləcə də sənaye üçün yeni texnologiyaların işlənməsi ilə məşğuldur.