Dənizçilik şirkəti süni intellekt üzrə rəhbər vəzifəsi yaradıb
“Columbia Group” şirkəti dənizçilik əməliyyatlarında süni intellektin tətbiqini gücləndirmək məqsədilə Süni intellekt üzrə rəhbər (Head of AI) vəzifəsi yaradıb.
“Seanews.az” xəbər verir ki, bu posta Kristina Orfanidu təyin olunub. O, bundan əvvəl “Deloitte Cyprus” şirkətində süni intellekt xidmətləri üzrə rəhbər kimi çalışıb. Kristina yeni vəzifəsində şirkətin texnologiya strategiyasına rəhbərlik edərək iş proseslərinin müasirləşdirilməsi və məhsuldarlığın artırılması istiqamətində süni intellekt həllərinin tətbiqinə cavabdeh olacaq.
Təyinatın əsas məqsədi daxili əməliyyatların səmərəliliyini artırmaqdır. Bu çərçivədə sənədlərin hazırlanmasına sərf olunan vaxtın azaldılması, təkrarlanan ofis işlərinin avtomatlaşdırılması kimi istiqamətlərə diqqət yetiriləcək.
Yeni rəhbər şirkət daxilində xüsusi “AI fabriki”nin yaradılmasını planlaşdırır. Bu platforma vasitəsilə müxtəlif bölmələrlə birlikdə xüsusi alətlər hazırlanacaq və texnologiya birbaşa dənizçilik iş proseslərinə inteqrasiya ediləcək.
İlkin layihələrə daxili bilik idarəetmə sistemləri və ekipaj təyinatı proseslərinin modernləşdirilməsi daxildir.
Kristina Orfanidu bildirib ki, süni intellekt yalnız texnologiya üçün texnologiya deyil, insanların işini asanlaşdıran və real əməliyyat problemlərini həll edən bir vasitədir. Bu yanaşma gəmiçilik sahəsinin növbəti nəsil üçün daha müasir və cəlbedici olmasına xidmət edəcək.

