Nüvə enerjisi dəniz nəqliyyatının dekarbonizasiyası üçün alternativ kimi yenidən gündəmdədir
Dənizçilik sektorunda iqlim hədəfləri və dekarbonizasiya tələblərinin sərtləşməsi fonunda nüvə enerjisi kommersiya gəmiləri üçün mümkün alternativ mühərrik texnologiyası kimi yenidən müzakirə olunur.
“Seanews.az” xəbər verir ki, bu barədə Norveçin beynəlxalq klassifikasiya cəmiyyəti olan “DNV” tərəfindən dərc edilmiş yeni analitik hesabatda (“white paper”) qeyd olunur.
Hesabatda bildirilir ki, nüvə enerjisi istixana qazı emissiyası yaratmamaqla yanaşı, sabit və proqnozlaşdırılan enerji xərcləri, daha yüksək sürətlərin iqtisadi baxımdan mümkünlüyü və ənənəvi bunker yanacaqlarından asılılığın azalması kimi üstünlüklər təqdim edir.
“DNV” vurğulayır ki, nüvə mühərriklərinin kommersiya gəmiçiliyində tətbiqi üçün texnoloji yeniliklərlə yanaşı, beynəlxalq səviyyədə aydın və qəbul olunmuş tənzimləyici çərçivənin formalaşdırılması vacibdir. Bu prosesdə “Beynəlxalq Dəniz Təşkilatı” (IMO), bayraq dövlətləri, “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik” (IAEA) və klassifikasiya cəmiyyətlərinin mühüm rolu qeyd olunur.
Hesabatda həmçinin dəniz şəraitinə uyğunlaşdırılmış, kompakt ölçülü, uzunmüddətli yanacaq dövriyyəsinə malik və təhlükəsizlik baxımından daha sadə reaktor texnologiyalarının müxtəlif ölkələrdə inkişaf etdirildiyi bildirilir.
“DNV”nin qiymətləndirməsinə görə, texnoloji, hüquqi və iqtisadi maneələr mərhələli şəkildə aradan qaldırıldığı halda, nüvə enerjisi beynəlxalq dəniz daşımalarında dekarbonizasiya məqsədlərinə uzunmüddətli perspektivdə əhəmiyyətli töhfə verə bilər.

