Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-22,
Seanews
Heyder Eliyev

Gəmiçilik sektoru karbon emissiyalarını azaltmaq üçün yeni texnologiyalar və tənzimləmələr tətbiq edir

Dünya üzrə ticarətin böyük hissəsini təmin edən dənizçilik sektoru hazırda qlobal karbon emissiyalarının təxminən 3 faizini təşkil edir. Beynəlxalq Dəniz Təşkilatı (IMO) bu göstəricini 2050-ci ilə qədər sıfıra endirməyi hədəfləyir. Bu məqsədə çatmaq üçün sektor bir sıra texnoloji yeniliklər və normativ tədbirlər həyata keçirməyə başlayıb.

"Seanews.az" xəbər verir ki, bu barədə "Hellenic Shipping News"-da yer alan məqalədə bildirilib. 

2024-cü ilin yanvarından Avropa İttifaqının Emissiya Ticarət Sistemi (EU ETS) 5 000 bruto tondan yuxarı olan gəmilərə şamil olunmağa başlayıb. 2027-ci ilə qədər bu tənzimləmə bütün Aİ limanlarına daxil olan gəmiləri əhatə edəcək. Eyni zamanda, IMO 2027-ci ilin oktyabr ayından etibarən karbon emissiyalarına qlobal qiymət tətbiq etməyi planlaşdırır.

Yanacaq növlərinə gəldikdə, LNG bəzi hallarda istifadə olunsa da, metan sızması ilə bağlı narahatlıqlar səbəbilə uzunmüddətli həll hesab edilmir. Yaşıl ammonyak və bioyanacaqlar perspektivli alternativlər kimi dəyərləndirilir. Tam elektriklə işləyən gəmilərin genişmiqyaslı tətbiqi isə hazırda texniki və infrastruktur çətinliklərinə görə məhduddur.

Emissiyaların azaldılması istiqamətində digər tədbirlər sırasında gəmi gövdəsinin dizaynının optimallaşdırılması, marşrut planlaması və sürətin tənzimlənməsi də yer alır. Rotor yelkənləri və xüsusi örtüklər kimi texnologiyalarla enerji səmərəliliyi artırılır.

Məqalədə həmçinin qeyd olunur ki, sıfır emissiyalı gəmiçilik üçün nəzərdə tutulan “yaşıl koridorlar” təşəbbüsü – yəni müəyyən limanlar və marşrutlar üzrə təmiz enerji istifadə edən gəmilərin hərəkəti – sektorda əhəmiyyətli irəliləyiş vəd edir.

Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, bu proses yalnız texnoloji həllərlə deyil, eyni zamanda koordinasiya olunmuş beynəlxalq siyasətlə dəstəklənməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır