“Maersk” 2040-cı ilə qədər tamamilə “yaşıllaşmağı” planlaşdırır
Konteyner daşımalarında dünya lideri olan Danimarkanın “Moller-Maersk A/S” şirkəti ilkin planlaşdırıldığından 10 il tez - 2040-cı ilə qədər öz fəaliyyətlərində karbon neytrallığına nail olmağı hədəfləyir. Bu barədə “Financial Times”-a şirkətin baş direktoru Soren Skou bildirib.
“Seanews.az” xəbər verir ki, əvvəllər şirkətin tullantıların azaldılması hədəfləri yalnız konteyner gəmiləri donanmasına şamil edilirdisə, indi “Maersk”-in fəaliyyətlərindən yaranan bütün birbaşa və dolayı emissiyalara şamil edilir.
Şirkət həmçinin 2030-cu il üçün yeni hədəflər qoyub. Göndərilən hər konteynerə görə emissiyaları 50% və tam nəzarət etdiyi terminallarda 70% azaltmaq niyyətindədir.
Bundan əlavə, “Maersk” 2030-cu ilə qədər yüklərin dörddə birini məhz yaşıl yanacaqlardan istifadə etməklə daşıyacaq.
2018-ci ildə Danimarka şirkəti 2050-ci ilə qədər xalis tullantılarını sıfra endirməyi qarşısına məqsəd qoyanda, bu, "həqiqətən də çox iddialı" görünürdü. Son üç ildə “Maersk” məqsədə doğru inanla irəliləyir və şirkət artıq ilk yaşıl metanol qabiliyyətli gəmilərini sifariş edir.
Son 12 ayda “Maersk”-ın səhmlərinin dəyərinin 64% artmasını da heç kəs təsadüfi saymır.