• Bakı, 2020-02-28,
Seanews
Heyder Eliyev

Yokohamada saxlanılan kruiz laynerində koronavirusa yoluxanların sayı 135 nəfərə çatıb

Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” kruiz laynerindəki sərnişinlərdən daha 65 nəfər yeni koronavirusa yoluxub.

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyindən AZƏRTAC-ın həmin ölkədəki bürosuna göndərilən mətbuat açıqlamasında bildirilir. Beləliklə karantində saxlanılan gəmidə koronavirusa yoluxanların sayı 135 nəfərə çatıb.

Məlumatda həmin şəxslərin gəmidən təxliyə edilərək xəstəxanalara yerləşdirildiyi qeyd edilir.

Bununla yanaşı, gəmidə olan təqribən 3600 nəfərin fevralın 19-dək karantində saxlanacağı bildirilir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa həmin gün keçirdiyi mətbuat konfransında deyib ki, gəmidən təxliyə zamanı yaşlılara və hərarəti olan insanlara üstünlük veriləcək.

Xəbər verdiyimiz kimi, “Diamond Princess” kruiz layneri artıq bir həftədir ki, Yokohama limanında karantində saxlanılır. Ötən ay Yokohama limanını tərk edən gəmi cənubi Yaponiya, Honkonq, Vyetnam və Tayvanda səfərdə olduqdan sonra geri qayıdıb.

Gəmiyə diqqət “Diamond Princess”in 80 yaşlı sərnişini Honkonqda onu tərk etdikdən sonra tibbi yoxlamadan keçərkən həmin şəxsdə yeni koronavirusun simptomları aşkar edildikdən sonra yönəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır