

"Advantage Tankers" Cənubi Koreyada yeni "VLCC" və "Suezmax" tankerləri sifariş edib
Cenevrədə yerləşən "Advantage Tankers" şirkəti iri tanker seqmentində fəaliyyətini genişləndirərək Cənubi Koreyada yeni sifarişlər verib. Şirkət donanmasına bir VLCC (çox böyük xam neft tankeri) və iki "Suezmax" gəmisini əlavə edir.
"Seanews.az" xəbər verir ki, şirkət VLCC üçün "Hanwha Ocean" gəmiqayırma zavodunda yerləşdirdiyi opsiyadan istifadə edib. Gəminin 2027-ci ilin sentyabrında təhvil verilməsi planlaşdırılır. Bu müqavilə həmin zavodda əvvəllər sifariş verilmiş VLCC seriyasının davamıdır. Hər bir əvvəlki gəminin qiyməti təxminən 129,7 milyon dollar olub, brokerlər yeni gəminin dəyərini isə 127 milyon dollar səviyyəsində qiymətləndirirlər.
Paralel olaraq şirkət "DH Shipbuilding" gəmiqayırma zavodunda 157 min ton daşıma qabiliyyətinə malik iki LNG-yə hazır "Suezmax" tanker sifariş edib. Bu gəmilərin 2027-ci ilin iyul və sentyabr aylarında təhvil verilməsi planlaşdırılır. Lakin bu iki gəminin ümumi dəyəri barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, 2014-cü ildə təsis edilən özəl şirkət hazırda 26 tankerlik qarışıq donanmaya malikdir.