Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-19,
Seanews
Heyder Eliyev

Gəmi mühərriklərində qazyuyucu sistemlərin tətbiqi, istismarı və effektivliyi

Beynəlxalq Dənizçilik Təşkilatı (BDT) tərəfindən qəbul edilmiş MARPOL VI əlavəsinə əsasən gəmi mühərriklərindən atmosferə buraxılan kükürd oksidlərinin (SOₓ) miqdarı ciddi şəkildə məhdudlaşdırılmışdır. Bu normativ tələblərin yerinə yetirilməsi məqsədilə gəmilərdə ya aşağı kükürdlü yanacaqlara keçid, ya da işlənmiş qazların təmizlənməsi texnologiyalarının tətbiqi tələb olunur. İşlənmiş qazların təmizlənməsi texnologiyalarından biri də beynəlxalq ədəbiyyatda “scrubber” adlanan sistemlərdir. Bu termin dəniz nəqliyyatı sahəsi üçün nisbətən yeni olduğundan Azərbaycan dilində onun funksional mahiyyətini əks etdirən “qazyuyucu sistem” anlayışının istifadəsi məqsədəuyğun hesab edilə bilər. Beləliklə, qazyuyucu sistemlər iqtisadi və texniki baxımdan ən geniş yayılmış alternativ həllərdən biri kimi çıxış edir.

Qazyuyucu sistemlər işlənmiş qazların tərkibində olan kükürd oksidlərinin fiziki-kimyəvi üsullarla tutulması üçün nəzərdə tutulmuşdur. Bu sistemlər konstruktiv və texnoloji xüsusiyyətlərinə görə yaş (nəm) və quru qazyuyucu sistemlərə bölünür və mühərrikdən çıxan yanmış qaz axınlarının eyni vaxtda təmizlənməsinə imkan yaradır. Avtomatlaşdırılmış idarəetmə və nəzarət sistemlərinin tətbiqi əməliyyat təhlükəsizliyini artırmaqla yanaşı, normativ tələblərə uyğunluğun təmin edilməsində mühüm rol oynayır.

Mühərrikdən çıxan yüksək temperaturlu yanmış qazlar xüsusi konstruksiyaya malik qazyuma kamerasına yönəldilir və burada qaz axını püskürücülər vasitəsilə verilən dəniz suyu, qapalı dövrəli kimyəvi yuyucu məhlul və ya quru sistemlərdə istifadə olunan bərk sorbent materiallarla intensiv şəkildə təmas etdirilir. Bu proses zamanı yanmış qazların tərkibində olan kükürd dioksidi və digər atmosferi çirkləndirən komponentlər maye fazada həll olunur və ya sorbent səthinə bağlanaraq neytrallaşdırılır. Eyni zamanda qaz axınının temperaturu azalır və hissəcik maddələrin bir hissəsi tutulur. Nəticədə təmizlənmiş qazlar təzyiq və temperatur baxımından normativ hədlərə uyğunlaşdırılaraq atmosferə buraxılır, reaksiya məhsulları və çirklənmiş yuyucu su və ya istifadə olunmuş sorbent isə ayrılaraq çöküntü və tullantıların idarə edilməsi sistemləri vasitəsilə təhlükəsiz şəkildə sistemdən kənarlaşdırılır.

Qazyuyucu sistemlərin istismarı zamanı əsas diqqət qaz axınının sabit təzyiq altında təmin edilməsinə, sistemdə yaranan təzyiq itkisinə, təmizləmə səmərəliliyinə və avadanlığın uzunömürlülüyünə yönəldilir. Yaş qazyuyucu sistemlərdə dəniz suyu və ya qapalı dövrəli yuyucu məhlullar istifadə olunur, quru qazyuyucu sistemlərdə isə bərk sorbent materiallar tətbiq edilir. Hər iki sistem növü daimi texniki nəzarət və planlı texniki baxımın həyata keçirilməsini tələb edir.

Qazyuyucu sistemlərin gəmilərdə tətbiqi bir sıra mühüm üstünlüklər yaradır. Bunlara SOₓ emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması, ekoloji normativlərə uyğunluğun təmin edilməsi, yüksək kükürdlü və daha ucuz yanacaqlardan istifadənin mümkünlüyü, uzunmüddətli istismarda iqtisadi səmərəlilik və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi nəticəsində əməliyyat sabitliyinin artırılması daxildir. Bununla yanaşı, qazyuyucu sistemlərin tətbiqi müəyyən risk və məhdudiyyətlərlə də müşayiət olunur. Xüsusilə nəm konstruksiyalı qazyuyucularda korroziya və çöküntü riski, sistemlərin böyük qabarit və çəkisinin gəmi layihələndirilməsinə mənfi təsiri, köməkçi avadanlıqların istismarı nəticəsində əlavə enerji sərfinin artması, açıq dövrəli sistemlər üçün bəzi limanlarda müvafiq infrastrukturun olmaması, eləcə də quru qazyuyucularda sorbent təminatı və tullantıların utilizasiyası ilə bağlı çətinliklər qeyd edilə bilər.

Qazyuyucu sistemlərin istismarı üzrə baş mexanik sistemin nəzəri əsaslarını və istismar xüsusiyyətlərini dərindən bilməli, onun təhlükəsiz, fasiləsiz və istehsalçı tələblərinə uyğun istismarına cavabdeh olmalıdır. Baş mexanik sistemin texnoloji sxemini, avtomatlaşdırma prinsiplərini, emissiya limitlərini və qəza hallarına dair prosedurları mükəmməl şəkildə mənimsəməlidir. Digər mexanik heyət isə istismar zamanı nəzarət edilən parametrlərin təhlili, yaranan nasazlıqların operativ aradan qaldırılması üçün zəruri bilik və bacarıqlara malik olmalıdır. Bundan əlavə, korroziyaya nəzarət, filtrlərin və püskürdücülərin təmizliyi, siqnal vericilərin kalibrlənməsi və istifadə olunan kimyəvi maddələrlə təhlükəsiz işləmə qaydaları mexanik heyət üçün əsas bilik sahələrinə daxildir.

Real əməliyyat şəraitində qazyuyucu sistemlər bir sıra texniki və əməliyyat çətinlikləri ilə üzləşə bilər. Bunlara aşındırıcı mühitin təsiri nəticəsində sürətlənmiş korroziya, çöküntü və şlamların toplanması səbəbindən axın məhdudiyyətləri, təzyiq itkisi nəticəsində mühərrikin istismar səmərəliliyinin azalması, avtomatlaşdırma sistemlərində nasazlıqlar, kimyəvi maddələrin və sorbentlərin idarə olunması ilə bağlı problemlər, eləcə də istismarçı heyətin hazırlıq səviyyəsinin yetərsizliyi daxildir. Bu problemlərin vaxtında aşkar edilməməsi və düzgün idarə olunmaması sistemin ümumi səmərəliliyini və əməliyyat təhlükəsizliyini ciddi şəkildə azalda bilər.

Qazyuyucu sistemin fəaliyyəti baş və köməkçi mühərriklərin istismar rejimi ilə birbaşa əlaqəlidir. Mühərrik–qazyuyucu balansının qorunması məqsədilə mühərrik yüklərinin mərhələli dəyişdirilməsi, yanmış qalar kollektorlarında təzyiq itkisinin daimi monitorinqi, turbokompressor və klapanların iş rejiminə nəzarət, mühərrikin işə salınması və dayandırılması proseslərinin qazyuyucu əməliyyatları ilə sinxronlaşdırılması, qəfil nasazlıqlar zamanı bypass rejiminin operativ tətbiqi, həmçinin əsas mühərrik, köməkçi mühərrik və qazanlardan gələn çoxmənbəli qaz axınlarının balanslı idarə olunması tələb olunur. Bu tədbirlər mühərrikin termiki və mexaniki yüklənməsinin qarşısını almağa və ümumi istismar etibarlılığını qorumağa xidmət edir.

Aparılan təhlil göstərir ki, qazyuyucu texnologiyalarının uğurlu tətbiqi yalnız avadanlığın texniki səviyyəsindən deyil, həm də düzgün istismar strategiyasından və istismarçı heyətin peşəkarlıq səviyyəsindən asılıdır. Yaş və quru qazyuyucu sistemlərin üstünlükləri və çatışmazlıqları gəminin tipi, istismar profili və marşrut xüsusiyyətləri nəzərə alınmaqla kompleks şəkildə qiymətləndirilməlidir.

Səid Orucov

DDLA-nin Gəmi heyəti departamentinin direktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır