"Yaşıl" texnologiya şirkəti iki tanker alaraq gəmiçilik sahəsinə daxil olur
Şanxayda yerləşən və Honq Konqda qeydiyyatdan keçmiş “ContiOcean Environment Tech Group” Sinqapurda fəaliyyət göstərən “OM Maritime” şirkətinə məxsus iki məhsul/kimyəvi tanker alıb.
“Seanews.az” xəbər verir ki, “ContiOcean” bu gəmilərlə texnologiyasını nümayiş etdirəcək və ticarət edəcək.
“ContiOcean” 2007-ci ildə tikilmiş 29,000 dwt-lik “OM Singapore” və 20,000 dwt-lik “OM Shanghai” gəmiləri ilə ekoloji təmiz yanacaq, emissiyaların azaldılması, ağıllı gəmi idarəetməsi kimi texnologiyalarını nümayiş etdirməyi hədəfləyib. Şirkət bunun üçün gəmiləri elektriklə dəstəklənən hidrogen yanacaq sistemləri və emissiya izləmə texnologiyası ilə təchiz edib.
“ContiOcean” belə layihələrlə yaşıl gəmiçilik bazarında liderliyini möhkəmləndirməyə çalışır. Oxşar təşəbbüsləri “Maersk” və “NYK” da həyata keçirir.

