20 Yanvar faciəsi ilə əlaqədar gəmi-muzeydə "Açıq Qapı Günü" keçiriləcək
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “Suraxanı” gəmi-muzeyində Açıq Qapı Günü təşkil olunacaq. Bu çərçivədə muzeyə giriş hər kəs üçün ödənişsizdir.
Bundan başqa, xalqımızın azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmiş 20 Yanvar faciəsi ilə əlaqədar muzeydə “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi davam edir. Sərgidə 20 Yanvar hadisələri zamanı dənizdə haqq savaşında ölüm-dirim mübarizəsi aparan dənizçilər haqqında məlumatlar yer alıb. Ziyarətçilər həmçinin “Sabit Orucov” gəmisinə aid eksponatlarla bərabər, həmin günlərdə yaradılmış “Kapitanlar şurası”nın 7 üzvündən biri olan Müzəffər Əliyevə məxsus şəxsi əşyalarla da tanış ola bilərlər.
Bu sərginin əsas məqsədi doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarını yad etmək, onların göstərdikləri şücaəti geniş auditoriyaya çatdırmaqdır.
Bundan əlavə, 20 yanvar günündə muzeydə ASCO-nun təşəbbüsü ilə çəkilmiş “20 yanvarda doğulanlar” bədii-sənədli filmi də ziyarətçilərə təqdim ediləcək.

