Çində təyyarədaşıyan gəmidə yanğın baş verib
Çində istismardan çıxarılan keçmiş sovet təyyarədaşıyan gəmisində yanğın baş verib.
“Seanews.az” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Yantszı çayının Nantong şəhəri akvatoriyasında dayanan gəmidə avqustun 16-da başlanan yanğın ertəsi gün səhərə yaxın söndürülüb.
Hazırda yanğının səbəbi müəyyənləşdirilir.
Qeyd edək ki, ağır təyyarədaşıyan "Minsk" kreyseri 1975-ci ildə Nikolayevdəki 444 saylı Qara dəniz gəmiqayırma zavodunda tikilib. Gəminin layihəsi Nevski Layihə-Konstruktor Bürosu tərəfindən hazırlanıb. 1978-ci ilin noyabrında təyyarədaşıyan Sakit Okean Donanmasının tərkibinə daxil edilib.
1993-cü ildə silahları sökülən gəminin Rusiya Hərbi Dəniz Qüvvələrinin tərkibindən çıxarılması barədə qərar qəbul edilib. "Minsk" gəmisi "Novorossiysk" təyyarədaşıyanı ilə birlikdə gövdələrinin metal qırıntısı kimi doğranması üçün Cənubi Koreyadan bir şirkətə satılıb. Lakin gəmini sökməyə macal tapmayıblar: o, kreyserin bazasında muzey kompleksi açan Çin şirkəti tərəfindən alınıb.
Daha sonra gəmini Nantun şəhərində turistik məkana çevirmək istəyən “Dalian Yongjia Group” alıb. Təyyarədaşıyanın göyərtəsində muzey təşkil edilib. Təyyarədaşıyan gəmini yerləşdirmək üçün xüsusi körpü də tikilib.

