

BP şirkəti ictimaiyyətlə görüşü təxirə salıb
Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahə (AYDS) daxilində kəşfiyyat qazma fəaliyyətləri üzrə ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə sentyabrın 30-na planlaşdırılmış açıq virtual görüş təxirə salınıb.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, görüş internet bağlantısında yaranmış çətinlikləri nəzərə alınaraq təxirə salınıb. Görüşün nə vaxt keçiriləcəyi haqqında əlavə məlumat ictimaiyyətə çatdırılacaq.
Qeyd edək ki, ƏMSSTQ sənədlərinin layihə versiyası və rəy formaları avqustun 28-dən BP-nin veb-saytına yerləşdirilib və onları aşağıdakı link vasitəsilə yükləmək mümkündür: https://www.bp.com/az_az/azerbaijan/home/news/environmental-and-social-documentation/shallow-water-absheron-peninsula.html
Görüş zamanı BP tərəfindən təqdimatlar ediləcək və ƏMSSTQ-in layihə versiyası haqqında auditoriyanın sualları cavablandırılacaq, həmçinin şərh və rəylər dinləniləcək. Rəy və təklifləri, həmçinin “www.bp.com/Azerbaijan” veb-saytına daxil olmaqla və ya “esiafeedback@bp.com” elektron ünvanına göndərməklə də təqdim etmək olar.