"HMM" tankerində qanad-yelkən texnologiyasını sınaqdan keçirir
Cənubi Koreyanın iri gəmiçilik şirkəti "HMM" ekoloji tələblərə uyğunlaşmaq məqsədilə küləklə dəstəklənən hərəkətverici texnologiyanın tətbiqi üzrə yerli gəmiqayırma şirkəti "HD Korea Shipbuilding & Offshore Engineering" (HD KSOE) ilə əməkdaşlıq edir.
"Seanews.az" xəbər verir ki, bu çərçivədə "HMM"-ə məxsus 50 000 dedveyt yükgötürmə qabiliyyətinə malik “Oriental Aquamarine” adlı "MR" tipli tankerə qanad-yelkən (Wing Sail) adlanan küləklə işləyən hərəkətverici sistemin prototipi quraşdırılıb. Sözügedən texnologiya Koreyada dizayn edilib və istehsal olunub.
"HMM"-in məlumatına görə, iki il davam edəcək sınaqlar zamanı sistemin real istismar şəraitində fəaliyyəti qiymətləndiriləcək. İlkin hesablamalara əsasən, hava və dəniz şəraitindən asılı olaraq yanacaq sərfiyyatında 5–20% azalma gözlənilir.
"Wing Sail" texnologiyası "HD Korea Shipbuilding & Offshore Engineering" tərəfindən hazırlanıb. Şirkət sınaqlar çərçivəsində sistemin istismar xüsusiyyətlərini təhlil edərək onun səmərəliliyini artırmağı və gələcəkdə kommersiya məqsədli məhsul kimi bazara çıxarmağı planlaşdırır.
"HMM" bildirib ki, sınaqların nəticələrindən asılı olaraq, gələcəkdə bu texnologiyanın şirkətin quru yük gəmiləri donanması üzrə daha geniş tətbiqi nəzərdən keçirilir.
Şirkət "Wing Sail" texnologiyasını "Carbon Intensity Indicator" (CII), istixana qazlarının yanacaq intensivliyi, "FuelEU Maritime" və digər beynəlxalq ekoloji tələblərə uyğunlaşma istiqamətində atılan addımların tərkib hissəsi kimi qiymətləndirir.
"HD KSOE"nin açıqlamasına görə, prototip təxminən 30 metr hündürlüyə və 10 metr enə malikdir. Əsas qanadın hər iki tərəfində yerləşən köməkçi qanadlar sistemin istismar səmərəliliyini artırır. Qatlanan və əyilə bilən dirək konstruksiyası isə güclü hava şəraitində və körpülərin altından keçid zamanı yelkənin endirilməsinə imkan verir.

