"Maersk" şirkəti Qırmızı dənizdən ikinci sınaq keçidini həyata keçirib
Qəzzada atəşkəsin davam etməsi və husilərin kommersiya gəmilərinə qarşı təhdidlərinin azalması fonunda "Maersk" şirkəti Qırmızı dənizdən ikinci sınaq keçidini həyata keçirib.
"Seanews.az" xəbər verir ki, konteyner daşıyıcısına məxsus “Maersk Denver” gəmisi təxminən iki illik fasilədən sonra Qırmızı dənizdən keçən ikinci "Maersk" gəmisi olub.
"Maersk"in məlumatına görə, ABŞ bayrağı altında üzən “Maersk Denver” gəmisi 11–12 yanvar tarixlərində Bab əl-Məndəb boğazından təhlükəsiz şəkildə keçib. Daha əvvəl, 18–19 dekabr 2025-ci il tarixlərində “Maersk Sebarok” gəmisi eyni marşrut üzrə ilk sınaq keçidini həyata keçirmişdi.
Hər iki gəmi "MECL" xətti üzrə istismar olunur. Bu xətt Hindistan və Yaxın Şərqi ABŞ-nin Şərq sahili ilə birləşdirir və son dövrlərdə gəmilər təhlükəsizlik səbəbilə Ümid burnu üzərindən yönləndirilirdi.
Məlumata görə, “Maersk Denver” də əvvəlki keçiddə olduğu kimi, səfər zamanı AIS siqnalını söndürüb. "Pole Star Global" şirkətinin "PurpleTrac" sisteminə əsasən, gəminin son qeydə alınmış mövqeyi 10 yanvar tarixində Omanın Salalah limanından çıxışı zamanı olub.
"Maersk" müştərilərinə ünvanladığı açıqlamada bildirib: “Heyətimizin, gəmilərimizin və yüklərin təhlükəsizliyi bizim üçün əsas prioritetdir. Keçid zamanı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb və bu gəmidə yükləri olan müştərilər birbaşa məlumatlandırılıb.”
Şirkət qeyd edib ki, təhlükəsizlik meyarları təmin olunduğu təqdirdə, Süveyş kanalı və Qırmızı dəniz üzərindən Şərq–Qərb marşrutu üzrə hərəkətin mərhələli şəkildə bərpası davam etdiriləcək. Bununla belə, "Maersk" hazırda əlavə keçidlər planlaşdırmadığını da vurğulayıb.
Qeyd edək ki, bəzi iri konteyner xətləri Qırmızı dəniz və Süveyş kanalı marşrutlarına ehtiyatlı şəkildə qayıtmağa başlasa da, xidmətlərin tam şəkildə yenidən bu istiqamətə yönləndirilməsi hələlik real görünmür.
Hazırda yalnız "CMA CGM" şirkəti "INDAMEX" xətti üzrə həm gediş, həm də dönüş reyslərini yenidən Qırmızı dəniz və Süveyş kanalı üzərindən həyata keçirəcəyini açıqlayıb.

