ADDA-da Elm-Təhsil-İstehsalat Diskussiya Klubu yaradılır
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Elm-Təhsil-İstehsalat Diskussiya Klubunun yaradılması məqsədilə görüş keçirilib.
Görüşdə ADDA rəhbərliyi, ASCO-nun zavod və donanmalarının, eləcə də dənizçilik, liman və logistika sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər.
Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev çıxışında elm, təhsil və istehsalat arasında inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, dənizçilik sahəsində yüksəkixtisaslı kadr hazırlığı istehsalat müəssisələri ilə sıx əməkdaşlıq şəraitində daha səmərəli həyata keçiriləcək. O məhz Diskussiya Klubunun bu əməkdaşlığın sistemli şəkildə inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə tələbələrin praktiki biliklərinin artırılması, müasir texnologiyaların tətbiqi və mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub. Yekunda klubun əsasnaməsinin təsdiqi məqsədəuyğun hesab edilib.

