Dəniz batareyalarının təhlükəsizliyi üzrə layihəyə start verilib
Dəniz və offşor sahələrdə istifadə olunan litium-ion batareya sistemlərinin təhlükəsizliyi artırılacaq. Bu məqsədlə Gəmilərin və dəniz qurğularının texniki təhlükəsizliyini qiymətləndirən Amerika Gəmiçilik Bürosu (ABS) Almaniyanın enerji texnologiyaları şirkəti “Siemens Energy” ilə birlikdə yeni layihənin icrasına başlayıb.
Yanvarın 12-də elan olunan layihə çərçivəsində batareya sistemlərində yarana biləcək riskli hallar, o cümlədən həddindən artıq qızma və qəza ssenariləri rəqəmsal simulyasiya vasitəsilə modelləşdiriləcək. Bu yanaşma batareya sistemlərinin layihələndirilməsi, risklərin qiymətləndirilməsi və istismar zamanı etibarlılığın artırılmasına xidmət edəcək.
Layihə çərçivəsində “ABS” təhlükəsizlik standartları və texniki yoxlama sahəsindəki təcrübəsini, “Siemens Energy” isə rəqəmsal modelləşdirmə və simulyasiya texnologiyalarını tətbiq edəcək.
“ABS”in Texnologiyalar üzrə vitse-prezidenti Maykl Kei bildirib ki, bu əməkdaşlıq dəniz və offşor sənayesində yeni nəsil enerji saxlama sistemlərinin daha təhlükəsiz şəkildə tətbiqinə imkan yaradacaq.

