Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Azərbaycanda hava yastığı üzərində özü hərəkət edən dünyanın ilk yükdaşıyan barjı tikilib - VİDEO + FOTO

Dünyada ilk dəfə olaraq Azərbaycanda hava yastığı üzərində  özü hərəkət edən yükdaşıyan barj inşa edilib.

“ACB Argymak” adlı barjın layihə müəllifi və sifarişçisi “Caspian Mainport Aktau”LLP/ CMİ Offshore Group-dur. Üzən vasitənin tikinti işləri 2019-cu ildə Şotlandiyanın Qlazqo Gəmiqayırma zavodunda başlasa da, şirkətin müflis olması səbəbindən işlər ilk mərhələdə yarımçıq saxlanıb.

Daha sonra layihənin icrası üçün “Caspian Mainport Aktau”LLP/ CMİ Offshore Group  ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) arasında danışıqlar başlayıb. Danışıqlar əsasında barjın Qlazqoda hazırlanmış korpusu iki hissəyə bölünüb və quru yük gəmisi vasitəsilə Azərbaycana gətirilməsinə müvəffəq olunub.

Azərbaycanda ASCO-ya məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna aid tərsanədə barjın inşasına başlanıb.  Tikinti prosesinə xarici mütəxəssislərlə yanaşı, “Zığ” GTTZ-nin və “Xəzər” MMC-nin insan və texniki  resursları da səfərbər edilib. Barj qısa müddətdə tamamlanıb. Artıq “ACB Argymak”ın test işləri də uğurla başa çatdırılıb. Barj üçün İtaliyanın “RINA Services S.p.A.” Təsnifat Cəmiyyətinin klass sertifikatı alınıb. Hazırda digər zəruri sənədləşmə işləri davam etdirilir.  Proses tamamlandıqdan sonra üzən vasitə Qazaxıstana yola salınacaq. Barj burada “Kaşaqan” yatağında istismar olunacaq.

Unikal layihənin uzunluğu 56, eni 24 metrdir. 150 ton yükgötürmə qabiliyyətinə malik barjın maksimal sürəti 6 uzelə bərabərdir. “ ACB Argymak”  6 nəfərdən ibarət heyətlə idarə olunacaq.

Nisbətən dayaz sularda istismar üçün nəzərdə tutulan özü hərəkət edən barjda iki ədəd su, iki ədəd hava pəri quraşdırılıb. Bu da onun buzlu sularda belə istismarını mümkün edir.

Qeyd edək ki, dünyanın  ilk özü hərəkət edən yükdaşıyan barjın inşası ASCO üçün böyük təcrübə olub. Gələcəkdə bu təcrübə əsasında oxşar yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır