Yaponiya ilk avtonom "Ro-Ro" gəmisini rəsmən sertifikatlaşdırıb
Yaponiyanın "K" LINE şirkətinə məxsus "Hokuren Maru No. 2" gəmi-bərəsi (Ro-Ro) kommersiya əməliyyatları zamanı tam avtonom naviqasiya aparmaq üçün bütün lisenziya tələblərini yerinə yetirən öz növündə ilk gəmi olub. MEGURI2040 layihəsi çərçivəsində reallaşan bu uğur Yaponiyanın dənizçilik sənayesində inqilabi addım hesab olunur.
“Seanews.az” xəbər verir ki, 173 metr uzunluğundakı gəmi Hokkaidodakı Kuşiro limanı ilə Hitaçi limanı arasında süd və kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının nəqli ilə məşğul olur. Marşrutun balıqçı gəmiləri ilə sıxlığı, tez-tez müşahidə olunan duman və fırtınalı hava şəraiti avtonom sistemin sınağı üçün strateji əhəmiyyət kəsb edib.
Gəmi 2026-cı ilin yanvarında ClassNK təsnifat cəmiyyətindən sertifikat alıb, fevralın 9-da isə Yaponiyanın Nəqliyyat Nazirliyinin rəsmi təftişindən uğurla keçib. Xüsusi sensorlar və süni intellekt əsaslı sürət idarəetmə sistemi ilə təchiz edilmiş gəmi sınaqlar zamanı 96% əməliyyat dəqiqliyi nümayiş etdirib. Bu layihə Yaponiyada dənizçilərin yaşlanması və sayının azalması problemini həll etmək, həmçinin insan amili ilə bağlı qəzaların qarşısını almaq məqsədi daşıyır.
MEGURI2040 layihəsinin əsas hədəfi 2040-cı ilə qədər daxili suların 50%-ni pilotsuz gəmilərlə təmin etməkdir. "Hokuren Maru No. 2" bu təsnifatı alan üçüncü gəmidir. Ötən ilin dekabrında bir sərnişin bərəsi (Ro-Pax) və "Genbu" adlı konteyner gəmisi də oxşar uğura imza atmışdı.

