Dünyada ilk: Malayziyada məsafədən idarə olunan desant gəmiləri inşa ediləcək
Malayziyanın gəmiqayırma şirkəti olan “Nam Cheong”, dəniz mühəndisliyi tarixində inqilabi addım atıb.
“Seanews.az” xəbər verir ki, şirkət, BƏƏ-də yerləşən qlobal dəniz logistikası şirkəti ilə 64,5 milyon dollar dəyərində mühüm gəmiqayırma müqaviləsi imzalayıb. Bu, “Nam Cheong”un son on ildə qazandığı ilk yeni tikinti müqaviləsidir. Müqavilə çərçivəsində iki ədəd dalğıc dəstək gəmisi (DSV) və dünyada ilk dəfə tətbiq olunacaq iki ədəd məsafədən idarə olunan desant gəmisi (ROLC) inşa ediləcək.
"SeaOwl Group" tərəfindən hazırlanmış xüsusi sistemlə təchiz ediləcək ROLC tipli gəmilər tamamilə pilotsuz olacaq və sahil stansiyasından peyk vasitəsilə idarə ediləcək. Avtomatik yanalma funksiyasına malik bu gəmilər logistik əməliyyatlar üçün nəzərdə tutulub.
Uzunluğu 60 metr olacaq hər dörd gəminin Malayziyanın Saravak ştatındakı "Miri Yard" tərsanəsində inşası və 2027-ci ilin sonu - 2028-ci ilin əvvəllərində təhvil verilməsi planlaşdırılır.

