• Bakı, 2020-05-26,
Seanews
Heyder Eliyev

Karantin dövründə sosial izolyasiya tədbirlərinə ciddi əməl etmək bizdən böyük fədakarlıq tələb etmir

Bir vaxtlar həmkarlarım dənizçi dostlarımın çoxluğuna görə, mənə dünyanın ən xoşbəxt insanlarından biri kimi baxırdılar. Bu gün də tanışlarımın arasında dənizçilər, dənizçilərin arasında isə dostlarım kifayət qədərdir. Dost deyirəm sizə. Çətin vaxtlarımda da, xoş günlərimdə də həmişə yanımda olan dostlar. Əlbəttə, əgər həmin vaxt dənizdə - işdə olmayıblarsa...

Etiraf edim ki, yerə-göyə meydan oxuyan dalğalarla hər an əlbəyaxa döyüşə hazır olan dənizçilərə  istənilən çətin işdə güvənmək olar. Mən güvəndim və heç vaxt bu inamıma görə təəssüflənmədim.

Dünyanın ən fədakar və təvazökar insanları olan dənizçilərdən öz peşələrinin çətinlikləri barədə ötən qırx ildə bir dəfə də giley-güzar eşitmədim. Əksinə, peşələrindən, dənizdən, dəniz yoldaşlığı qanunlarından elə sevgi, elə məhəbbətlə danışırlar ki,  az qalır, sən özün dənizçi olmadığına görə peşmançılıq hissi keçirəsən.

Amma, giley-güzar etməsələr də dəmir intizamı sevən dənizçilərin işinin öz məsuliyyəti, öz çətinliyi var. Bilənlər bilirlər.

Bu günlərdə isə, həyatımızın ilk və Uca Yaradanın mərhəməti ilə in-şə-Allah sonuncu olacaq karantin rejimli dövrünü yaşayırıq. Əsas odur ki, koronavirus infeksiyasının qarşısının alınması üçün dövlətimiz tərəfindən ölkədə bütün zəruri tədbirlər görülür. Azərbaycan pandemiyaya qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus da dövlətimizin başçısına ünvanladığı məktubda Azərbaycanda pandemiyaya qarşı görülmüş işlərə yüksək qiymət verib. Bu gün ağxalatlılarımız, qanun keşikçilərimiz, əsgərlərimiz kimi.. dənizçilər də onlara bəslənən etimadı inamla doğruldur, çox mühüm və həyati əhəmiyyətli fəaliyyətləri ilə əsl qəhrəmanlıq nümunəsi göstərirlər.

Amma pandemiyaya qarşı qlobal mübarizəyə insanlarımız da öz töhfəsini verməlidirlər. Necə? Məhz ciddi intizam nümayiş etdirməklə. Bizdən – səndən, məndən, ondan xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə  zərurət olmadan, evdən çıxmamağı xahiş edirlər. Təhlükənin böyüməsinin qarşısını yalnız müvəqqəti qaydalara, sosial izolyasiya tədbirlərinə ciddi riayət etməklə ala bilərik.  Bu, müvəqqəti çətinlikdir və hər şey ölkə vətəndaşlarının xeyrinə hesablanıb. Təəssüf ki,əhalinin karantin dövründə evdə oturmasına nail olmaq böyük problemə dönüb. İllərlə sərbəst yaşamağa alışanlar karantin tədbirlərinə saymazlıqla yanaşır,  bəziləri əvvəlki kimi, hər gün kütləvi istirahət yerlərində dincəlmək, gəzmək, qonaq getmək... istəyirlər. Yeni virusun bütün bəşəriyyəti təhdid etdiyini, ən qabaqcıl ölkələrdə belə hər gün onlarla can aldığını eşidə-eşidə, görə-görə, bilə-bilə karantin rejiminin tələblərinə biganə yanaşmaq nə deməkdir?  Məsuliyyətli və nümunəvi davranış nümayiş etdirməyənlər təəssüf ki, bu gün də kifayət qədərdir və onlar hələ də  özləri ilə yanaşı,  əzizlərini də təhlükə altında qoyduqlarının fərqinə varmırlar.  

Hər birinin doğmaları, qohumları, tanışları arasında yəqin ki, dənizçilər də var. Varsa, gəmiçilərin iş və həyat şəraiti, ikinci ev saydıqları gəmidən bəzən aylarla bayıra çıxmadıqları, sahilləri uzaqlardan seyr etdikləri barədə azdan-çoxdan məlumatları da olmamış olmaz.  Hətta uzun səfərdən sonra üzdükləri gəmilər limanlarda yük əməliyyatına dayananda belə, bu, gəzmək baxımından heyətin hər bir üzvünün bəxti gətirməsi demək deyil.  Könlündən liman şəhərini görmək keçənlərin icazəsiz gəmidən düşməyə, bir addım aralanmağa belə ixtiyarları yoxdur. Növbədə olan dənizçilər isə sahilə ayaq basmaq barədə heç düşünmürlər də. Başqa sözlə, dənizçilər belə çətinliklərə adi şey kimi baxırlar.

Yeni koronavirus aşkar edilməmişdən qabaq belə idi, indi də belədir. Virusa qalib gələndən sonra da belə olacaq.

İndi sözüm dənizçi olmayanlaradır. Doğrudan da sizə elə gəlir ki, özümüzün, doğmalarımızın, bütövlükdə isə, xalqımızın həyatı və sağlamlığı üçün karantin dövründə sosial izolyasiya tədbirlərinə ciddi əməl etməyimizlə bizdən çox böyük fədakarlıq tələb olunur?

Rasif  TAHİROV - "Dəniz" qəzetinin Baş redaktoru 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır