Dəniz və quru nəqliyyatı üçün rəqəmsal emissiya bazarı yaradılıb
Dekarbonizasiya prosesi çətin hesab olunan dəniz, hava və avtomobil nəqliyyatı sektorları üçün yeni rəqəmsal ticarət platforması (marketplace) işə düşüb. "Carboninsets" şirkəti tərəfindən təqdim olunan bu sistem təsdiqlənmiş Ekoloji Atribut Sertifikatlarının (EAC) qlobal dövriyyəsini sadələşdirməyi hədəfləyir.
“Seanews.az” xəbər verir ki, platforma yanacaq tədarükçüləri və gəmi operatorlarını ekoloji öhdəliklərini yerinə yetirmək istəyən ixtisaslı alıcılarla bir araya gətirir. Burada əsas yenilik "Book & Claim" (Sifariş et və mənimsə) modelinin tətbiqidir. Bu model imkan verir ki, karbon azaldılması faktiki olaraq bir marşrutda baş versin, lakin onun ekoloji faydası (sertifikat şəklində) dünyanın başqa bir nöqtəsindəki alıcıya satılsın.
Bütün əməliyyatlar ISO 22095 standartına uyğun aparılır və qlobal “123Carbon” reyestrində qeyd olunur. Bu, eyni ekoloji faydanın iki dəfə satılmasının qarşısını alır. Alıcılar sertifikatları texnologiya, coğrafiya və emissiya həcminə görə filtr edərək seçə bilərlər.
"Carboninsets"in nümayəndəsi Maria Lakalle Muls bildirib ki, nəqliyyat sektorunda emissiyaların azaldılması indiyədək pərakəndə və çətin müqayisə olunan sahə idi. Yeni platforma isə bu prosesi şəffaflaşdıraraq "yaşıl keçid"i sürətləndirir. Artıq 30-dan çox böyük tədarükçü platformaya qoşulub və 500.000-dən çox sertifikat dövriyyəyə buraxılıb.


