“DESMI” yeni nasos dizaynı ilə CO₂ dəyər zəncirini hədəf alır
Danimarkanın “DESMI” şirkəti karbonun tutulması və saxlanılması (CCS) layihələrinin genişlənməsini və infrastrukturun yeni tələblərini nəzərə alaraq, mayeləşdirilmiş CO₂ ilə işləmək üçün yeni nasosunu təqdim edib.
“Seanews.az” xəbər verir ki, "DesCan" adlı dərinlik nasosu mayeləşdirilmiş karbon qazının hablar, terminallar və nəqliyyat sistemləri arasında ötürülməsi üçün xüsusi olaraq hazırlanıb. Bu maye ilə işləmək texniki çətinlik baxımından mayeləşdirilmiş təbii qaz (LNG) və ya maye qazdan (LPG) fərqlənir. Şaquli konfiqurasiyada dizayn edilmiş sistem maye səviyyəsindən aşağıda işləyərək, aşağı təzyiq şəraitində belə stabil hidravlik hərəkət təmin edir.
"Karbonun tutulması məsələnin yalnız bir tərəfidir. CO₂ tutulduqdan sonra o, təhlükəsiz və səmərəli şəkildə daşınmalı və saxlanılmalıdır," – deyə “DESMI” təmsilçisi Rasmus Folso bildirib.
Şirkətin məlumatına görə, bu texnologiya sənaye rəyləri və əməliyyat təcrübəsi əsasında hazırlanıb. Yeni dizayn yüksək maye sıxlığı və nasosun girişində buxarlanma kimi həssas texniki problemləri aradan qaldırır. Həmçinin bu sistem dərin nasos quyularına və ya hündür saxlama çənlərinə olan ehtiyacı aradan qaldıraraq, obyektlərin daha çevik şəkildə qurulmasına imkan verir.

