• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

“Neft Daşları”nın 70 illik tarixinə qısa səyahət

1949-cu ilin noyabrın 7-si unikallığına, insan cəsarətinin və mətinliyinin misilsizliyinə görə "Möcüzələr adası", "Dünyanın səkkizinci möcüzəsi" adlandırılan “Neft Daşları”nın fəaliyyətə başladığı gündür. Xarici  mətbuat bu barədə  geniş məlumatlar dərc edərək Azərbaycanın alim və mütəxəssislərinin yaratdığı  möcüzəyə heyrətini ifadə etmişdilər. “Neft Daşları” Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəlcə bura “Qara Daşlar” adlandırılırdı. Neft hasil olunduqdan sonra isə bura “Neft Daşları” adlandırılıb.

1949-cu il iyunun 24-də “Neft Daşları” rayonunda birinci kəşfiyyat quyusunun qazılmasına başlandı. Quyu istismar müddəti keçmiş “Çvanov” gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 942 metr dərinliyə, Qala Lay Dəstəsinə qazıldı, noyabr ayının 7-də quyu gündəlik 100 ton debitlə neft fontanı vurub və bununla da dünya nefti tarixində açıq dənizdə neft çıxarmanın əsası qoyulub, “Qara Daşlar” “Neft Daşları”na çevrilib. İkinci kəşfiyyat quyusunun qazılmasına hazırlıq çətin şəraitdə aparılırdı. Birinci quyunun buruğunu ikinci quyuya keçirmək 1949-cu ilin küləkli qışında mümkünsüz görünürdü. Bunun üçün buruğu şimal və cənub küləklərindən qorumaq lazım idi. Bu məqsədlə, S.Orucov, A.Əliyev və məşhur qazmaçı Yusif Səfərovun təklifi ilə əlavə xərclərə və iş qüvvəsinə yol vermədən Bakı Gəmi Təmiri Zavodundan istifadədən silinmiş daha 6 “paraxod” buraya gətirilərək qrunta batırıldı. Beləliklə, ikinci kəşfiyyat quyusunun qazılması üçün əlverişlişərait yarandı. Buna görə xalq arasında “Neft Daşları”-nı “7 gəmi adası” da adlandırırdılar.1949-cu ilin martında sərt qayaların üstündə dirəklər üzərində inşa edilmiş ilk evcik dəniz neftçilərinin qəhrəmanlıq simvolu kimi bu yaxınlara qədər qorunub saxlanılır.

İkinci quyunun qazılmasına 1949-cu il dekabrın 19-da başlanıldı və 1950-ci ilin birinci yarısında bu quyudan da neft fontan vurdu. İlk iki quyu “Neft Daşları” rayonunda nəhəng neft ehtiyatlarının mövcudluğunu sübuta yetirdi. 1949-cu il dekabrın 1-də dənizdə qazma, neftçıxarma və tikinti ilə məşğul olan “Azərdənizneft” İstehsalat Birliyi yaradıldı. Həmin qərarla “Dənizneftlayihə” Dövlət Elmi Tədqiqat Layihə İnstitutu da təsis olundu. Eyni zamanda, SSRİ Neft Sənayesi Nazirliyinin tərkibində “Başdənizneft” Ümumittifaq İstehsalat Birliyi yaradıldı, neft sənayesinin görkəmli təşkilatçısı Sabit Orucov Birliyin ilk rəisi və eyni zamanda, SSRİ Neft sənayesi nazirinin müavini təyin edildi.

Bundan sonra, “Neft Daşları”nda kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət aldı. 1950-ci ilin dekabrında neftçi Qurbanın və Mixail Kaveroçkinin briqadaları tərəfindən qazılan quyular neft verdi. 1951-ci il fevralın 18-də neftlə dolu ilk tanker “Neft Daşları”ndan yola salındı.

14 kvadrat metr sahəsi olan evcikdə, polad dirəklər üzərində quraşdırılan süni adada - özüldə yaşayan və dəniz inşaatçıları tərəfindən quraşdırılmış qazma kəşfiyyat qurğusunda çalışan neftçilərin misilsiz qəhrəmanlığı, mətanəti, siravi fəhlələrin, ustaların, mühəndislərin, digər xidmət sahələrinin işçilərinin gecə-gündüz fədakarcasına çalışmaları Xəzərin amansız şıltaqlığını, qüdrətini insan iradəsinə tabe etməyə imkan verdi. Bu gün "Neft Daşları"nın 70 illik yubileyi hamıya böyük bayram ovqatı bəxş edib. «Neft Daşları» yatağının işlənməsi və sənaye istismarı Azərbaycanın neft tarixinin qızıl səhifələridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək «Neft Daşları» Azərbaycanın çoxmillətli zəhmət adamlarının əmək qəhrəmanlığına ucaldılmış möhtəşəm abidədir.

Təsadüfi deyil ki, 1970-ci illəri dənizdə neftçıxarmanın və ilk növbədə “Neft Daşları”nın inkişafında “qızıl dövr” adlandırırdılar. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, ulu öndər Heydər Əliyev 1970, 1972 və1975-ci illərdə üç dəfə “Neft Daşları”nda olmuşdu. Əlbəttə, 1969-cu ildən əvvəllər də Heydər Əliyev dəfələrlə “Neft Daşları”na səfər etmiş, dəniz neftçilərinin fədakar əməyi ilə yaxından tanış olurdu.

Ölkə Prezidenti İlham Əliyevin “Möcüzələr adası” haqqında “Dünya miqyasında dənizdə ilk dəfə olaraq neft çıxarılması məhz Azərbaycan neftçiləri tərəfindən başlanmışdır. Bu gün “Neft Daşları” yaşayır. “Neft Daşları”nda aparılan quruculuq-abadlıq işləri məni çox sevindirir. Həm neftçilərin məişət şəraiti yaxşılaşır, həm də “Neft Daşları” abadlaşır, gözəlləşir. Eyni zamanda, “Neft Daşları”nda Azərbaycan neft sənayesi üçün əvəzolunmaz texniki qurğular yaradılır. “Neft Daşları” həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır. “Neft Daşları” Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir.” bu fikirləri isə dəniz neftçilərinin devzinə çevrilib.

Fəaliyyətə başladığı gündən ötən 70 ildə əsrlərə bərabər yol keçərək bu gün nəhəng istehsal - yaşayış kompleksinə çevrilib. SOCAR-dan aldığımız məlumata görə, ötən 70 ildə “Neft Daşları-Palçıq Pilpiləsi” yataqlarından 186 milyon tona yaxın neft və 15 milyard kubmetrə yaxın qaz hasil olunub. “Neft Daşları” ötən 70 il ərzində əsrlərə bərabər yol keçərək bu gün nəhəng istehsal-yaşayış kompleksinə çevrilib. Burada 2286-ə qədər quyu qazılıb, 180 km-dən artıq estakada salınıb, 333 istehsal meydançası quraşdırılıb, 100 km–lərlə neft, qaz, su kəmərləri çəkilib.

Qocaman yataq hazırda işlənməsinin son mərhələsindədir, lakin buna baxmayaraq Neft Daşları bu gün özünün intibah dövrünü yaşayır. Son illərdə SOCAR tərəfindən aparılmış səmərəliləşdirici tədbirlər nəticəsində Neft Daşlarında hasilat 20%-dən çox artıb.

2019-cu ilin 9 ayı ərzində “Neft Daşları” NQÇİ-də işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə də təmir və abadlıq işləri görülüb, zəruri avadanlıqlar, yaşayış və yeməkxana evcikləri qurulub.

Yubiley ərəfəsində “Neft Daşları”nda ulu öndərimiz Heydər Əliyevin adını daşıyan, sahəsi 2,5 hektar olan park, muzey və Heydər Əliyevin heykəli, Neft Daşlarının Qarabağ müharibəsində şəhid olmuş əməkçilərinin xatirəsinə ucaldılmış abidə, çay evi, ümumiyyətlə son illərdə “Neft Daşları”nda sosial sahədə aparılan bütün işlər neftçilərimizin ürəyincədir, onlara ölkə iqtisadiyyatını irəli aparmaq üçün daha əzmlə çalışmağa stimul yaradır. Parkın işıqlandırma sistemi də xaricdən gətirilib. Parkın ərazisi daş döşəmələrlə tikilib, müasir və yeni oturacaqlar quraşdırılıb. Parkın kənarında Neft Daşlarınnı sakinləri üçün müasir futbol, voleybol stadionu da inşa edilib.

“Neft Daşları”nda işləyənlər ayın yalnız 15 gününü burda qalır. Qalan 15 gününü isə evə gəlirlər. İşçilər üçün yaşayış binalarının birinci mərtəbəsində, idman zalı, bilyard salonu, gimnastika otağı, sauna, tennis zalı və digər əyləncə obyektləri də yaradılıb ki, neftçilər asudə vaxtlarını burada keçirib istirahət edə bilərlər. Həmçinin işçilərin dəniz və hava nəqliyyatı vasitələri ilə sahildən “Neft Daşları”na və “Neft Daşları”ndan sahilə, özüllərdə işləyən işçilərin gətirilib aparılmaları,  içməli suyun və ərzaq məhsullarının gəmilərlə gətirilməsi  təşkil edilir.

Dəflərlə burada çalışan neftçilərə ənənəvi sualım isə belə olurdu: “Düz 15 gün burada evlərindən uzaqda çalışırsız. Çətin deyil ki” sualıma cavab sadə oldu: "Biz buna öyrəşmişik. Hətta evə gedəndə belə bura üçün darıxırıq. Çünki bura bizim həyatımızın bir parçasıdır. Ömrümüzün yarısı burada keçir axı."

“Neft Daşları” ilə bağlı maraqlı məqamlardan biri də odur ki, 1949-cu ildə istifadəyə verilən ilk neft quyusunun bu gün də qorunub saxlanır. Buraya hər gələn bu quyu ilə şəkil çəkdirirər.

70 illik yubiley ərəfəsində “Neft Daşları” NQÇİ-də havaya atılan səmt qazlarının azaldılması məqsədi ilə NQK tipli kompressorların quraşdırılması işlərinə başlanıb, proses uğurla davam edir. İçməli suya qənaət olunması məqsədi ilə quraşdırılmış “Əks-osmos” qurğularında dəniz suyu şirinləşdirilərək istifadəyə verilib.

Xəzər dənizinin çirklənməsinin qarşısını almaq məqsədi ilə FLS tipli lay suyu təmizləyici qurğuda lay suyu təmizlənərək, lay təzyiqini saxlamaq və utilizə olunmaq üçün təkrarən quyulara vurulub. Xəzər dənizinin çirklənməsinin qarşısını almaq məqsədi ilə quraşdırılan “Biomas” qurğusunda məişət çirkab suları təmizlənib.

NQÇİ-nin sahələrində ekoloji vəziyyətin normal olması məqsədilə şöbənin əməkdaşları tərəfindən gündəlik ekoloji monitorinqlər aparılır. Cari ilin 9 ayı ərzində şöbə tərəfindən 384 dəfə ekoloji monitorinq aparılıb. Bundan əlavə işçilərin ekoloji maarifləndirilməsi məqsədilə sahələrdə hər ay işçilər arasında maarifləndirmə işləri aparılır.

“Neft Daşları” NQÇİ-nin ərazisində işçilərin istirahəti üçün salınmış istirahət parkında abadlıq işləri aparılıb və 400 qızıl gül kolu əkilib. Bundan əlavə parkdakı ağac, gül və dekorativ kollara qulluq edilib.

Əslində «Neft Daşları»nın 70 illik yubileyinin qeyd edilməsi, təkcə  Azərbaycan neftçiləri səviyyəsində deyil, bütün dünyada dəniz neftçiləri tərəfindən qeyd  olunmağa  layiqdir. Ona görə ki, məhz 1949-cu ildə, sahildən 100 km məsafədə açıq dənizdə, xalq arasında «Qara Daşlar» adlanan yerdə, ilk kəşfiyyat qazma quyusunun 942 metr dərinlikdən 100 tondan artıq gündəlik debitlə neft fəvvarəsi vurması tarixdə görünməmiş hadisə, dünya neftçıxarmasında bir möcüzə, bir yenilik  idi. «Neft Daşları» yatağının kəşfi, şöhrəti dünyanı dolaşan Azərbaycan neftçilərinin adını, şərəfini daha da yüksəklərə qaldırdı.

Orxan Vahidoğlu, “İki sahil”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır