• Bakı, 2021-11-28,
Seanews
Heyder Eliyev

“Sea Tech”in baş direktoru Pyotr Yejov ADDA-da master-klass keçib

Rusiyanın Nijni Novqorod şəhərində yerləşən, gəmiqayırma sahəsində dizayn, mühəndislik və konsaltinq xidmətləri üzrə ixtisaslaşmış “Sea Tech” şirkətinin baş direktoru Pyotr Yejov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında olub.

PYOTR Yejov “Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları və tələbə heyəti üçün “Tədris prosesində istifadə edilən “CADMATİC” proqram təminatının istifadəsi və proqramda edilən yenilənmələr” mövzusunda master-klass keçib.

Gəmiqayırma sahəsində dünyada tanınmış proqram təminatı istehsalçısı olan “CADMATİC” şirkətinin Volqaboyu və Xəzər hövzəsi üzrə nümayəndəsi kimi Pyotr Yejov Rusiya və Ukraynanın universitetlərində tədris zamanı rast gəlinən xarakterik problemlərdən söz açıb, onların həlli yollarını göstərib. O, hazırda “Gəmiqayırma və gəmi təmiri” kafedrasında tədris prosesində istifadə olunan “CADMATİC” proqram təminatının ödənişsiz yenilənməsinin həyata keçiriləcəyini qeyd edib.

ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov qonağa Akademiya rəhbərliyi adından xatirə hədiyyəsi təqdim edib.

Master-klassın yekununda çıxış edən elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Vüqar Sadıqov Akademiya ilə daimi əlaqə saxlayan qonağa təşəkkürünü bildirib, belə təqdimatların bakalavr və magistrlərlə  yanaşı, tədris aparan müəllimlər üçün də əhəmiyyətini vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır