• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Qocaman dənizçi, uzaq səfərlər kapitanı Həmid Hüseynov vəfat edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  Qapalı Səhmdar Cəmiyyətinin  kollektivinə ağır itki üz verib. Qocaman dənizçi, uzaq səfərlər kapitanı Həmid Hüseynov sentyabrın 17-də ömrünün 81-ci ilində dünyasını dəyişmişdir.

Həmid Əsədulla oğlu Hüseynov 1940-cı il aprelin 8-də Bakıda anadan olub.

132 saylı orta və 1 saylı axşam məktəblərində təhsil alıb.

1961-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutuna daxil olub.  1967-ci ildə bu təhsil ocağını “Gəmi sürücülüyü mühəndisi” ixtisası üzrə bitirib.

Həmid Hüseynov dənizçilik fəaliyyətinə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasında kapitanın üçüncü köməkçisi kimi başlayıb. Sonralar kapitanın ikinci, baş köməkçisi, 1975-1984-cü illərdə  kapitan işləyib. Gəmiçiliyin bacarıqlı, təşəbbüskar kapitanlarından olub. “Bakı”, “Şair Sabir” teploxodlarının… heyətlərini qarşıda duran vəziifələrin yerinə yetirliməsinə məharətlə səfərbər edib.  

Həmid Hüseynov 1984-1987-ci illərdə Əfqanıstanın Şirxan Dəniz Limanına baş agent  göndərilib. 3 il bu vəzifədə çalışıb. 1987-ci ildə Xəzər Dəniz Gəmiçiliyinə qayıdıb və 2014-cü ilin fevralınadək Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Xidmətində məsləhətçi kapitan işləyib.  Onlarla gəmi sürücüsünün bacarıqlı kapitan kimi yetişməsində böyük zəhməti olub.

Dəfələrlə Xəzər Dəniz Gəmiçiliyinin və SSRİ Dəniz Donanması Nazirliyinin “Ən yaxşı kapitanı” seçilib. “Şərəf nişanı” ordeni, bir çox  medallarla,  20 il “Qəzasız işə görə” döş nişanı ilə təltif edilib. 1990-cı ildə “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb.

Mahir uzaq səfərlər kapitanı, qayğıkeş ailə başçısı, gözəl insan  Həmid Əsədulla oğlu Hüseynov heç vaxt unudulmayacaq, xatirəsi  onu tanıyanların qəlbində daim yaşayacaq.

 

Allah rəhmət eləsin!

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır