Dənizçilər arasında keçirilən stolüstü tennis yarışının qalibləri məlum olub
ASCO əməkdaşları arasında stolüstü tennis turniri keçirilib. Yarışda bütün strukturlardan olan stolüstü tennis həvəskarları qüvvələrini sınayıblar.
Müstəqil Həmkarlar İttifaqı Komitəsinin idman zalında baş tutan mübarizədə I yeri Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Elman Qafarov tutub. II və III yerə isə müvafiq olaraq “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşları Elşən Kərəmov və Müzəffər Qurbanov çıxıb.
Qaliblərə diplom və hədiyyələr verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) idmanın digər növləri kimi, stolüstü tennisə də maraq böyükdür. Yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.